"Samsung" "casus əleyhinə" ekrana malik "Galaxy S26 Ultra"nı təqdim edib
Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung", yeni "Galaxy S26" smartfonlar ailəsini təqdim edib. Seriyanın ən yuxarı modeli olan Ultra kənar baxışlardan qoruyan xüsusi "casus əleyhinə" (anti-spy) rejimi ilə diqqət çəkir.
AFN.az xəbər verir ki, fevralın 25-dən etibarən dünya üzrə ilkin sifarişlərinə başlanılan yeni xətdə ənənəvi olaraq üç cihaz yer alır: baza modeli S26, Plus və Ultra. "Samsung" baza modelinin ekran ölçüsünü 6,2 düymdən 6,3 düymə çatdırsa da, Plus və Ultra modelləri ötən ilki səviyyədə (müvafiq olaraq 6,7 və 6,9 düym) qalıb. Həmçinin baza versiyasının akkumulyator tutumu 4 000-dən 4 300 mAh-a qaldırılıb, digər modellər isə 4 900 və 5 000 mAh batareyalarla təchiz edilib.
Yeni seriyada prosessor bölgüsü də yenilənib. S26 və S26 Plus modelləri Samsung-un yeni Exynos 2600 çipseti ilə təchiz edildiyi halda, Ultra modeli Qualcomm Snapdragon 8 Elite Gen 5 for Galaxy prosessoru ilə fəaliyyət göstərir. Yaddaş seçimlərinə gəldikdə, Ultra 12/256 QB-dan başlayaraq 16 QB/1 TB-a qədər müxtəlif konfiqurasiyalarda təklif olunur. Bütün cihazlar Android 16 əməliyyat sistemi və One UI 8.5 interfeysi ilə gəlir. Süni intellekt (AI) sahəsində isə Google Gemini ilə yanaşı, ilk dəfə olaraq Perplexity AI agenti də sistemə inteqrasiya edilib.
Galaxy S26 Ultra-nın əsas yeniliyi olan "casus əleyhinə" displey texnologiyası 45 dərəcədən böyük bucaq altında ekranın görünməsini məhdudlaşdırır. Şirkət bildirib ki, bu rejim aktiv olduqda təsvir keyfiyyəti bir qədər dəyişə bilər, lakin istənilən vaxt bu funksiyanı söndürmək mümkündür. Kamera tərəfində S26 və Plus modelləri 50 MP-lik əsas sensorlarını qoruyub saxlayıb. Ultra modelində isə 200 MP-lik genişbucaqlı kamera və iki ədəd (50 MP və 10 MP) teleobyektiv yer alıb. Maraqlıdır ki, yeni seriyanın qiymətləri ötən ilki modellərlə müqayisədə 22%-ə qədər ucuzlaşıb.


