Trampın adının keçdiyi Epşteyn sənədləri araşdırılacaq
ABŞ Ədliyyə Nazirliyi Prezident Donald Trampın adının çəkildiyi bəzi Epşteyn sənədlərinin "ictimaiyyətdən qəsdən gizlədildiyi" iddialarından sonra bu qəbildən olan hər hansı açıqlanmamış sənədin olub-olmadığını araşdıracağını elan edib.
AFN.az xəbər verir ki, Ədliyyə Nazirliyi yaydığı yazılı bəyanatda xüsusilə demokratların Trampın adının keçdiyi bəzi Epşteyn sənədlərinin gizlədilməsi ilə bağlı iddialarına cavab verib. Nazirlik müvafiq qanuna əsasən bütün sənədlərin açıqlandığını, lakin bu prosesdə qurbanlarla bağlı bölümləri ehtiva etdiyi üçün bəzi faylların etiketlənərək saxlanıldığını bildirib.
Nazirlik həmçinin ABŞ Prezidenti Trampın adının keçdiyi iddia edilən bəzi Epşteyn sənədlərinin qəsdən gizlədilməsi barədəki ittihamlara cavab olaraq qeyd edib ki, hazırda bu kateqoriyadakı sənədlər araşdırılır. Təhqiqat prosesində hər hansı sənədin qeyri-müvafiq şəkildə etiketləndiyi və qanuna uyğun olduğu müəyyən edilərsə, nazirlik əlbəttə ki, həmin sənədləri yayımlayacaq.
Ağ Evin "Tramp bu prosesdə hər hansı bir yanlışlığa yol verməyib" bəyanatından sonra nazirliyin "gizlədilən sənəd olub-olmadığını araşdıracağıq" açıqlaması diqqət çəkib. Qeyd edək ki, ABŞ Konqresindəki demokratlar Ədliyyə Nazirliyini Trampla bağlı Epşteyn sənədlərini ictimaiyyətə açıqlamamaqda ittiham etmişdilər.
Onlar "Epşteyn Sənədləri Şəffaflıq Qanunu" çərçivəsində bu sənədlərin də təqdim olunmasını tələb etmişdilər. Hazırda nazirliyin atacağı növbəti addımlar və sənədlərin tam siyahısının açıqlanıb-açıqlanmayacağı dünya mediasının diqqət mərkəzindədir.
