ABŞ Ədliyyə Nazirliyi Epşteyn dosyesindəkı qanunsuzluqları araşdırır
ABŞ Ədliyyə Nazirliyi yetkinlik yaşına çatmayan qızlara qarşı fahişəlik şəbəkəsi qurduğu iddiası ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin istintaqına dair sənədlərin qeyri-müvafiq şəkildə gizlədilib-gizlədilmədiyini araşdırdığını bəyan edib.
AFN.az xəbər verir ki, nazirlik Epşteyn işi ilə bağlı sənədlərdə çatışmazlıqların olması barədə yayılan xəbərlərdən sonra "X" sosial platformasındakı rəsmi hesabı vasitəsilə məsələyə aydınlıq gətirib.
Açıqlamada son zamanlar bir çox şəxs və media qurumunun Epşteynin keçmiş sevgilisi və cinayət ortağı Qisleyn Maksvellin məhkəmə işinə dair bəzi sənədlərin itməsi iddialarına diqqət çəkdiyi bildirilib. Vurğulanıb ki, nazirlik bu kateqoriyadakı dosyaları da nəzərdən keçirir. Əgər hər hansı sənədin qanunsuz olaraq gizlədildiyi aşkar edilərsə və onların dərci qanunvericiliyə uyğun olarsa, həmin məlumatlar ictimaiyyətə təqdim olunacaq.
CNN-in apardığı araşdırmaya görə, Epşteyn istintaqına dair sənədlər arasında onlarla FTB qeydi çatışmır. Xəbərdə qeyd olunur ki, Maksvellin vəkillərinə təqdim edilən sübut siyahısında təxminən 325 şahid dindirilməsi yer alsa da, bu qeydlərdən 90-dan çoxu nazirliyin internet saytında yerləşdirilən arxivdə tapılmayıb.
İddia edilir ki, çatışmayan qeydlər arasında Epşteynin onu uşaq yaşlarında istismar etdiyini deyən və ABŞ Prezidenti Donald Trampı cinsi istismarda ittiham edən bir zərərçəkmişin FTB-yə verdiyi ifadələr də var. Digər tərəfdən, Ədliyyə Nazirliyinin sözçüsü Epşteyn dosyalarındakı bəzi sənədlərin silinməsi ilə bağlı iddiaları rədd edərək, "Heç bir sənəd silinməyib, müvafiq bütün sənədlər yayımlanıb" deyə bildirib.
