Hizbullah Livanın cənubu və İsrailin şimalına hücumlar təşkil edib



Hizbullah Livanın cənubundakı İsrail qüvvələri ilə yanaşı, İsrailin şimalındakı hərbi mövqelərə və yaşayış məntəqələrinə qarşı çoxsaylı hücumlar həyata keçirdiyini bəyan edib. Sərhəd xəttindəki Taybe qəsəbəsində İsrailə məxsus 6 ədəd "Merkava" tankı hədəf alınıb.

AFN.az xəbər verir ki, Livan Hizbullahından ard-arda verilən açıqlamalarda bu hücumların "Livanı və xalqını müdafiə etmək" məqsədilə reallaşdırıldığı vurğulanıb. Bildirilib ki, əməliyyatlar zamanı raketlər, pilotsuz uçuş aparatları (PUA) və artilleriya mərmilərindən istifadə edilib, nəticədə İsrailə məxsus hərbi məntəqələr, əsgərlərin toplanma sahələri, qərargahlar, artilleriya mövqeləri və bir hərbi sənaye şirkəti vurulub. Livanın cənubundakı sərhəd bölgəsində yerləşən Aytarun, Adise, Tel əl-Hazzan və Tel əl-Uveyda ərazilərində mövqe tutan İsrail hərbçilərinin atəşə tutulduğu qeyd olunub.

Hizbullahın məlumatına görə, Taybe qəsəbəsində İsrail əsgərləri 5 dəfə hədəf alınıb, həmçinin bölgənin şimalındakı hərbi texnika karvanına hücum edilib. Bəzi hücumlar nəticəsində İsrail hərbçiləri arasında itkilərin olduğu və təxliyə üçün helikopterlərin işə düşdüyü iddia edilib. Təşkilat həmçinin Taybe qəsəbəsinə doğru irəliləməyə çalışan İsrail bölməsinin və Xiyam həbsxanası ətrafındakı sızma cəhdinin qarşısının alındığını, həmin nöqtələrdə şiddətli qarşıdurmaların yaşandığını bildirib.

Gecə saatlarından etibarən Taybe qəsəbəsində İsrail ordusuna məxsus 6 "Merkava" tankının hədəf alındığı, tanklardan birinin idarə olunan raketlə birbaşa vurulduğu, El-Merc mövqeyi yaxınlığındakı hərbi qruplaşmanın isə kamikadze PUA-larla zərbəyə məruz qaldığı xəbər verilib. İsrailin şimalındakı hücumlarla bağlı isə Şomera və Kiryat Şmona yaşayış məntəqələrinin raket və PUA-larla dəfələrlə hədəf alındığı qeyd olunub.

Safed şəhərinin şimalındakı "Ein Zeitim" bazası və Qolan təpələrində yerləşən "Yoav" kazarmasına PUA-larla hücum təşkil edilib. Eyni zamanda Nahariya, Kefr Giladi və Manara yaşayış məntəqələrindəki artilleriya mövqelərinin raketlərlə vurulduğu, Hayfa şəhərinin şimal-şərqindəki "Yudifat" hərbi sənaye şirkətinin də hədəflər arasında olduğu diqqətə çatdırılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu