Ərbilə bir neçə nöqtədən kamikadze PUA hücumu edilib
İraqın Ərbil şəhərində bir neçə fərqli nöqtəyə kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.
AFN.az xəbər verir ki, İraqda fəaliyyət göstərən və İrana yaxınlığı ilə bilinən silahlı qruplar sosial media hesabları vasitəsilə Ərbildəki ABŞ Konsulluğu və ABŞ bazasının yerləşdiyi Ərbil Hava Limanının hədəf alındığını bildiriblər.
Hücumlar zamanı kamikadze PUA-nın düşdüyü bir rezidensiyada yanğın başladığı qeyd olunub. Yerli mənbələr hədəf alınan həmin binada ABŞ hərbçilərinin qaldığını iddia ediblər. Sosial mediada paylaşılan görüntülərdə PUA-nın vurduğu bina ilə yanaşı, şəhərin müxtəlif yerlərindən alov və tüstü yüksəldiyi əks olunub.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları, həmçinin İranın bölgədəki cavab addımları fonunda İraq Kürd Regional Rəhbərliyinin nəzarətindəki Ərbil şəhərində hərbi hərəkətliliyin son günlərdə daha da artdığı müşahidə olunur.


