Husilər: İrana qarşı müharibəyə qatılan ittifaqlara birbaşa müdaxilə edəcəyik
Yəməndəki İran tərəfindən dəstəklənən Husilər hər hansı bir koalisiyanın ABŞ və ya İsrail ilə birlikdə İrana qarşı müharibəyə qatılması və ya Qırmızı dənizin bu məqsədlə istifadə edilməsi halında birbaşa hərbi müdaxilə edəcəklərini bəyan ediblər.
AFN.az xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Seri "X" sosial media platformasındakı hesabından video müraciət yayımlayıb.
Seri mesajında ABŞ və İsrailin İran, Fələstin, Qəzza, İraq və Livana yönəlmiş hücumlarını "bütün ümməti təhdid edən sionist planın tətbiqi" kimi qiymətləndirib. ABŞ və İsrailə İran və müqavimət oxuna qarşı hücumları dayandırmağa yönəlmiş beynəlxalq diplomatik səylərə dərhal cavab verməyə çağıran Seri, sözügedən hücumların qlobal və regional təhlükəsizliyə, həmçinin dünya iqtisadiyyatına zərər verdiyini qeyd edib.
Seri müsəlman ölkələrinə qarşı hücumların dərhal dayandırılmasını, Qəzza sazişinin icrasını və sazişdə yer alan humanitar öhdəliklərlə Fələstin xalqının qanuni hüquqlarına dair maddələrin yerinə yetirilməsini tələb edib. "Əgər hər hansı bir ittifaq ABŞ və ya İsrail ilə birlikdə İrana qarşı müharibədə iştirak edərsə və ya Qırmızı dənizdən istifadə edərsə, biz birbaşa müdaxilə edəcəyik", - deyən sözçü, hücumların davam edəcəyi təqdirdə hərbi əməliyyat sahəsinin tələblərinə uyğun hərəkət edəcəklərini vurğulayıb.
Yəmən xalqına qarşı mühasirəni ağırlaşdırmağa yönəlmiş hər hansı bir addıma qarşı da xəbərdarlıq edən Seri, hərbi əməliyyatlarının yalnız İsrail və ABŞ-ı hədəf aldığını, heç bir müsəlman xalqına qarşı olmadığını bildirib.




