KİV: Pakistan və Əfqanıstan Çində atəşkəs danışıqları aparır
Pakistan və Əfqanıstanın daimi atəşkəsi təmin etmək məqsədilə Çinin vasitəçiliyi ilə danışıqlara başladığı iddia edilir.
AFN.az xəbər verir ki, "Associated Press" (AP) agentliyinə danışan mənbələr hər iki ölkənin bir aydan çoxdur davam edən silahlı qarşıdurmaları dayandırmağı hədəflədiyini bildiriblər.
Mənbələr tərəflərin nümayəndə heyətlərinin Sincan-Uyğur Muxtar Rayonunun inzibati mərkəzi olan Urumçi şəhərində bir araya gəldiklərini irəli sürüblər. Çin rəsmiləri hələlik mövzu ilə bağlı rəsmi açıqlama verməsələr də, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Darın Çin səfəri zamanı Pekinin qarant ölkə kimi çıxış etmək ehtimalını müzakirə etdiyi deyilir.
Həmçinin Pakistan Prezidenti Asif Əli Zərdarinin regional vəziyyəti dəyərləndirmək üçün Çinin İslamabaddakı səfirliyində mühüm görüşlər keçirdiyi iddia olunur. Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü bu danışıqların "çox həssas və incə məqamları" əhatə etdiyini bildirərək əlavə şərh verməkdən yayınıb.
Kabil mərkəzli "Tolo News" kanalına danışan mənbələr isə Əfqanıstandan 5 nəfərlik yüksək səviyyəli nümayəndə heyətinin Çinə yola düşəcəyini təsdiqləyiblər. Heyətdə Əfqanıstanın Xarici İşlər, Daxili İşlər və Müdafiə nazirlikləri ilə yanaşı, Kəşfiyyat Baş İdarəsinin təmsilçilərinin də yer aldığı qeyd olunur.

