Hakan Fidan Pakistan və Əfqanıstan gərginliyini həmkarları ilə müzakirə etdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistan, Əfqanıstan, Qətər və Səudiyyə Ərəbistanından olan həmkarları ilə telefon əlaqəsi saxlayaraq Pakistan və Əfqanıstan arasında yaşanan son gərginliyi müzakirə edib.
AFN.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən əldə edilən məlumata görə, Fidan bölgədəki vəziyyətin sabitləşməsi üçün diplomatik təmaslarını artırıb.
Nazir Hakan Fidan Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar, Əfqanıstan rəhbərliyinin xarici işlər naziri vəzifəsini icra edən Əmirxan Müttəqi, Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə fərdi telefon danışıqları aparıb.
Müzakirələr zamanı Pakistan və Əfqanıstan arasındakı hərbi qarşıdurmanın regionun təhlükəsizliyinə təsirləri və gərginliyin azaldılması yolları əsas mövzu olub. Türkiyənin bu məsələdə vasitəçilik və ya diplomatik dəstək imkanları da diqqət mərkəzində saxlanılıb.

