İran: Urumiya Hava Limanı vuruldu
İran rəsmiləri Urumiya Hava Limanı və bir neçə strateji nöqtənin ABŞ və İsrail tərəfindən atılan raketlərlə hədəf alındığını bəyan edib.
AFN.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Qərbi Azərbaycan Vilayətinin Böhran İdarəetmə Mərkəzinin rəhbəri Hamid Səffari məsələ ilə bağlı açıqlama verib.
Səffari Urumiya Hava Limanı ilə yanaşı, digər bəzi məntəqələrin də ABŞ tərəfindən vurulduğunu qeyd edib. Dağıntıların miqyası barədə dəqiq məlumat verməyən rəsmi nümayəndə hadisədən dərhal sonra xilasedici və təcili yardım qruplarının bölgəyə cəlb edildiyini bildirib.
Eyni zamanda, Xuzistan valiliyi Xürrəmşəhr şəhərində yerləşən iki gəmiqayırma şirkətinin növbəti dəfə hava hücumuna məruz qaldığını açıqlayıb. Şəhəri bürüyən qatı tüstü dumanının məhz bu hücumlar səbəbindən yarandığı qeyd edilsə də, hər hansı can itkisinin olmadığı vurğulanıb.
Yəzd valiliyi də ABŞ və İsrailin Yəzd şəhərinə hücum etdiyini, lakin burada da insan tələfatının qeydə alınmadığını diqqətə çatdırıb.
Hazırda vurulan obyektlərdə ziyanın qiymətləndirilməsi prosesi aparılır.

