Bəhreyn: İranın hücumu nəticəsində obyektdə yanğın baş verib
Bəhreyn İranın hücumu nəticəsində ölkə ərazisindəki obyektlərdən birində yanğın baş verdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, Bəhreyn Daxili İşlər Nazirliyinin "X" sosial media platformasındakı hesabından verilən məlumatda İranın hücumu ilə bir obyektdə yanğın çıxdığı, Mülki Müdafiə qüvvələrinin alovu nəzarətə aldığı və hadisə zamanı xəsarət alanın olmadığı bildirilib.
Nazirlik ABŞ və İran arasında əldə olunmuş 2 həftəlik müvəqqəti atəşkəsdən bir neçə saat sonra, bu gün səhər saatlarında Bəhreyndə həyəcan siqnallarının çalındığını bəyan edib. Bəhreyn rəsmiləri həyəcan siqnallarından sonra İrandan yeni bir hücumun olub-olmaması ilə bağlı hələlik əlavə açıqlama verməyiblər.
Daxili İşlər Nazirliyinin bəyanatında yanğına səbəb olan hücumun atəşkəsdən əvvəl, yoxsa sonra baş verdiyinə dair dəqiq məlumat qeyd olunmayıb. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə açılması şərti ilə İranla 2 həftəlik qarşılıqlı atəşkəsi qəbul etdiyini elan etmişdi.
