Ekvador Kolumbiyaya tətbiq edilən gömrük rüsumunu 100 faizə qaldıracaq



Ekvador hökuməti qonşu Kolumbiyadan idxal olunan mallara tətbiq edilən gömrük rüsumunun mayın 1-dən etibarən 50 faizdən 100 faizə qaldırılacağını bəyan edib.

AFN.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, Ekvador bu qərarı Kolumbiyanın sərhəd təhlükəsizliyi məsələsində kifayət qədər tədbir görməməsi ilə əsaslandırıb.

Ekvadorun İstehsal, Xarici Ticarət və İnvestisiya Nazirliyi bildirib ki, Kolumbiyanın qeyri-qanuni qruplaşmalara qarşı mübarizədə zəiflik nümayiş etdirməsi yeni məhdudiyyətləri qaçılmaz edib. Rəsmi açıqlamada bu addımın milli təhlükəsizlik meyarlarına söykəndiyi və məqsədin sərhədyanı bölgələrdə narkotik qaçaqmalçılığına qarşı müştərək məsuliyyət prinsipini gücləndirmək olduğu qeyd edilib.

Uzunmüddətli ticarət əlaqələrinə malik olan iki ölkə arasındakı gərginlik fevralın 1-də rüsumların 30 faiz artırılması ilə başlamış, martın 1-də isə bu göstərici 50 faizə çatdırılmışdı. Kolumbiya hökuməti buna cavab olaraq fevral ayından etibarən qonşu ölkəyə elektrik enerjisi ixracını dayandırmışdı.

Ekvador isə fevralın 27-də Kolumbiyanın dövlət neft şirkəti "Ecopetrol"a məxsus xammalın Ekvador boru kəmərləri ilə nəql haqqını hər barel üçün 3 dollardan 30 dollara qaldıraraq qarşılıq vermişdi. Hazırda iki ölkə arasındakı ticarət dövriyyəsi təxminən 2,8 milyard dollar səviyyəsində olsa da, Ekvadorun bu ticarətdə 900 milyon dollarlıq kəsiri var.

Kolumbiya Prezidenti Qustavo Petro ilə Ekvador Prezidenti Daniel Noboa arasında narkotik şəbəkələri ilə mübarizə üsullarına görə yaranan diplomatik gərginlik və qarşılıqlı sərt ittihamlar ticarət əlaqələrinə mənfi təsir etməkdə davam edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu