AŞPA-da İsrailin müşahidəçi statusunun dayandırılması ilə bağlı səsvermə keçiriləcək
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) İsrailin fələstinli məhbuslara edam cəzası tətbiq edən qanunu qəbul etməsinin pislənildiyi sessiyada bu ölkənin qurumdakı müşahidəçi statusunun dondurulması məsələsinin səsverməyə çıxarılması qərara alınıb.
AFN.az xəbər verir ki, Fransanın Strasburq şəhərində keçirilən AŞPA-nın yaz sessiyasında niderlandlı deputat Qala Veldhoen tərəfindən hazırlanan və İsrailin sözügedən qanununu pisləyən hesabat təsdiqlənib. Hesabata edilən dəyişiklik təklifləri ilə İsrailin 1957-ci ildən bəri sahib olduğu müşahidəçi statusunun dayandırılmasına yaşıl işıq yandırılıb.
Assambleya tərəfindən verilən məlumata görə, statusun dayandırılması ilə bağlı yekun səsvermənin iyun ayında keçiriləcək ümumi iclasda baş tutacağı gözlənilir. Qeyd edək ki, İsrail Parlamenti (Knesset) martın 30-da fələstinli məhbuslara edam cəzası verilməsini nəzərdə tutan qalmaqallı qanun layihəsini təsdiqləyib.
Yeni qanun "İsrailin mövcudluğunu inkar etmək məqsədilə bir israillini öldürmək" ittihamı ilə mühakimə olunanların edam edilməsinə yol açır. AŞPA sədri Petra Bayr da İsrailin bu addımının Avropa Şurasının dəyərləri ilə ziddiyyət təşkil etdiyini və ölkənin qurumdakı statusunu ciddi şəkildə təhlükəyə atdığını bildirib.
Hazırda bəzi İsrail insan haqları təşkilatları qanunun ləğv edilməsi üçün ölkənin Ali Məhkəməsinə müraciət ünvanlayıblar.




