Fransa və Polşadan Rusiyaya qarşı nüvə təlimatı hazırlığı
Polşa mediasında yer alan xəbərlərə görə, Fransa və Polşa Rusiya və Belarusa qarşı konvensional və nüvə hücumu simulyasiyalarını ehtiva edən birgə hərbi təlimə hazırlaşır.
AFN.az xəbər verir ki, Moskva rəhbərliyi eyni dövrdə NATO-nun Rusiyanın Kalininqrad bölgəsini mühasirəyə alma və ələ keçirmə məşqləri keçirəcəyini iddia edib.
"Wirtualna Polska" (WP) xəbər saytının hərbi mənbələrə istinadən verdiyi məlumatda nüvə təliminin yaxın vaxtda Baltik dənizi və Şimali Polşa üzərində reallaşdırılacağı bildirilib.
Xəbərlərə əsasən, Fransa Prezidenti Emmanuel Makron və Polşa Baş naziri Donald Tusk arasında aparılan görüşlərdə müzakirə olunan ssenaridə aşağıdakı detallar yer alıb:
Polşa Hərbi Hava Qüvvələri uzaqmənzilli kəşfiyyat apararaq hədəf təyin edəcək və "JASSM-ER" qanadlı raketləri ilə Sankt-Peterburq yaxınlığındakı yüksək dəyərli hədəfləri vuracaq.
Nüvə başlığı daşıyan "ASMP" raketləri ilə təchiz edilmiş təyyarələr isə Fransadan havaya qalxaraq Budapeşt-Kalininqrad xətti boyunca Rusiya və Belarusdakı hədəflərə qarşı nüvə hücumu simulyasiyası həyata keçirəcək.
Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko İngiltərənin rəhbərlik etdiyi Birgə Səfərbərlik Qüvvələrinin (JEF) Kalininqrad bölgəsinə qarşı dəniz blokadası və bölgənin ələ keçirilməsi ssenariləri üzərində işlədiyini iddia edib.
Kreml sözçüsü Dmitri Peskov isə bu təlimlərin Avropanın militarizasiya və nüvələşmə arzusunu göstərdiyini və qitədəki sabitliyə töhfə verməyəcəyini qeyd edib.
Gərginliyi artıran digər bir hadisə isə Finlandiyada yaşanıb.
Finlandiya Parlamenti nüvə silahlarının ölkə ərazisinə gətirilməsinə və saxlanılmasına icazə verən qanun layihəsini gündəliyinə salıb.
Moskva bu addımın Rusiyaya qarşı birbaşa təhdid yaradacağı və Finlandiya ərazisindəki hərbi obyektlərin strateji prioritetli hədəflərə çevriləcəyi barədə xəbərdarlıq edib.



