Fələstinlilər yerli seçkilər üçün sabah seçkilərə gedəcək
Fələstinlilərin yerli idarəetmə orqanlarını müəyyən etmək üçün sabah seçkilərə gedəcəyi bildirilib.
AFN.az xəbər verir ki, Fələstin Mərkəzi Seçki Komissiyasından verilən açıqlamaya görə, 25 aprel tarixində Qəzza zolağındakı Deyr əl-Bəlah şəhəri və İordan çayının qərb sahilində keçiriləcək seçkilərdə bələdiyyə məclisləri üçün 321 siyahı üzrə 1200-ü qadın olmaqla 3773 namizəd, kənd məclisləri üçün isə 93 kənd şurasında 1358 nəfər mübarizə aparacaq.
Yerli seçkilərdə 1 milyondan çox insanın iştirak edəcəyi, onlardan təxminən 70 min nəfərin isə səsvermə hüququndan Qəzza zolağının Deyr əl-Bəlah şəhərində istifadə edəcəyi gözlənilir.
Seçki komissiyasının prosesin idarə olunması üçün genişmiqyaslı hazırlıq işləri gördüyü qeyd edilən açıqlamada 12-si Deyr əl-Bəlahda olmaqla, ümumilikdə 491 mərkəzdə səsvermənin keçiriləcəyi bildirilib.
Əvvəlcə seçkilərin bütün şəhərlərdə keçirilməsinin planlaşdırıldığı, lakin sonradan Qəzza zolağında Deyr əl-Bəlah istisna olmaqla, digər bölgələrdə, həmçinin İordan çayının qərb sahilindəki bir məntəqədə seçkilərin təxirə salındığı diqqətə çatdırılıb.
Qeyd olunub ki, yerli seçkilər aralarında kənd və qəsəbələrin də olduğu cəmi 420 yaşayış məntəqəsini əhatə edəcək.
Həmas və Fəth hərəkatları arasında 2007-ci ildə yaranan ixtilafdan bəri ümumi seçkilərin keçirilə bilmədiyi Fələstin torpaqlarında sonuncu yerli seçkilərin birinci mərhələsi 11 dekabr 2021-ci ildə, ikinci mərhələsi isə 26 mart 2022-ci ildə baş tutmuşdu.





