SpaceX ABŞ kəşfiyyatı üçün orbitə peyk göndərdi
ABŞ-ın "SpaceX" şirkəti Milli Hərbi-Kosmik Kəşfiyyat İdarəsinin (NRO) ehtiyacları üçün "Falcon-9" daşıyıcı raketi ilə yeni peyklərin orbitə buraxılmasını həyata keçirib.
AFN.az xəbər verir ki, raketin startı yerli vaxtla saat 19:13-də (Bakı vaxtı ilə 05:13) Kaliforniyadakı Vandenberq hərbi-kosmik bazasından baş tutub. Startın canlı yayımı "X" sosial şəbəkəsində yayımlanıb.
Startdan bir neçə dəqiqə sonra "Falcon-9"un birinci pilləsi uğurlu eniş edib. Bu, sözügedən sürətləndiricidən doqquzuncu istifadədir ki, bu texnologiya da "SpaceX"ə buraxılış xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.
"NROL-172" missiyasının startı 2026-cı ildə "SpaceX"in Milli Hərbi-Kosmik Kəşfiyyat İdarəsi üçün həyata keçirdiyi ikinci buraxılış olub. ABŞ-ın kəşfiyyat peyklərinə nəzarət edən bu qurumun fəaliyyəti ciddi şəkildə məxfi saxlanılır. Bu səbəbdən orbitə göndərilən aparatların parametrləri və təyinatı barədə məlumat verilmir.




