Ferrariyə elektrikli avtomobil şoku: Yeni model şirkəti birjada sarsıtdı
Lüks avtomobil nəhəngi Ferrarinin çinli rəqiblərinə meydan oxumaq üçün hazırladığı ilk tam elektrikli modeli "Luce" radikal dizaynı səbəbindən həm avtomobil dünyasından, həm də investorlardan böyük etiraz görüb və markanın səhmlərində kəskin ucuzlaşmaya yol açıb.
AFN.az xəbər verir ki, İtaliyanın lüks avtomobil istehsalçısı Ferrari mühərrik nəriltisi ilə özəlləşən köklü irsini geridə qoyaraq tarixinin ilk tam elektrikli modeli olan "Luce"ni (İşıq) ictimaiyyətə təqdim edib.
Təqdimatın markanın çinli elektrikli avtomobil nəhəngləri ilə qlobal rəqabətdə önə keçmək strategiyasının ən mühüm addımı olaraq planlaşdırıldığı bildirilirdi.
Lakin 640 min dollarlıq qiymət etiketi ilə təqdim edilən "Luce" ənənəvi Ferrari xətlərindən uzaq dizaynı səbəbindən internetdə lağ obyektinə çevrilib və təqdimatın dərhal ertəsi günü şirkətin səhmlərində 8 faizlik kəskin enişə səbəb olub.
"Luce" saatda 100 kilometr sürəti cəmi 2,5 saniyəyə yığa bilən və 300 kilometrdən çox maksimum sürətə sahib güclü bir elektrikli maşın olsa da, tənqidlərin mərkəzində tamamilə onun xarici görünüşü yer alır.
Ferrarinin keçmiş idarə heyətinin sədri Luka Kordero di Montezemolo avtomobilin bir əfsanəni yox etmək riski daşıdığını bildirərək, şahə qalxmış at loqosunun bu maşından sökülməli olduğunu müdafiə edib.
İtaliya Baş nazirinin müavini və nəqliyyat naziri Matteo Salvini isə "Bu, innovasiyadır? Görəsən, təsisçimiz Enzo Ferrari buna nə deyərdi? Bu avtomobil şahə qalxmış at emblemli maşından başqa hər şeyə bənzəyir" deyərək etirazını dilə gətirib.
Sosial şəbəkələrdə isə lüks modelin ucuz elektrikli avtomobillərə bənzədiyi barədə şərhlər yazılarkən, süni intellektlə hazırlanan alternativ idman üslublu dizaynlar milyonlarla bəyənmə toplayıb.
Ferrari CEO-su Benedetto Vigna tənqidlərə qarşı çıxaraq bu qiymətin innovasiya üçün ədalətli olduğunu müdafiə etsə də, avtomobil dünyası elektrikli gələcəyə keçid məsələsində dərin bir ayrılıq yaşayır.
Ferrarinin ən böyük rəqibi Lamborghini müştərilərinin benzinli mühərrikə üstünlük verməsini və zəif tələbatı əsas gətirərək tam elektrikli avtomobil proqramını ləğv etdiyini və hibrid modellərə diqqət yetirəcəyini açıqlayıb.
Oxşar şəkildə Porsche, Honda və Ford kimi nəhənglər də elektrikli avtomobil investisiyalarını kiçiltmək qərarı alıblar.
İngiltərənin lüks markası Jaguar da bənzər bir radikal dizayn dəyişikliyi ilə tam elektrikli markaya çevriləcəyini bəyan etdikdə sadiq kütləsindən çox sərt reaksiyalar almışdı.
Qərb istehsalçılarının elektrikli transformasiyada bu qədər aqressiv və riskli addımlar atmasının arxasında Çin bazarındakı nəhəng rəqabət dayanır.
Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, Çin sahib olduğu tədarük zənciri sayəsində elektrikli avtomobil istehsalı xərclərini dünyanın qalan hissəsinə nisbətən ən azı 30 faiz daha ucuza başa gətirir.
Ekspertlər Ferrarinin "Luce" ilə ənənəvi super idman avtomobili həvəskarlarını itirmək riskini gözə aldığını, lakin bununla markaya tamamilə yad olan texnologiya yönümlü yeni və gənc bir müştəri kütləsini cəlb etməyi hədəflədiyini qeyd edirlər.



