Avropa ölkələrindən ruslara verilən Şengen vizalarına məhdudiyyət çağırışı



Avropanın 11 ölkəsinin nazirləri Avropa İttifaqı (Aİ) Komissiyasına göndərdikləri birgə məktubla Rusiya vətəndaşlarına qarşı daha məhdudlaşdırıcı və məcburi viza tədbirlərinin görülməsini tələb ediblər.

AFN.az xəbər verir ki, Polşa, İsveç, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Latviya, Litva, Niderland, Norveç və İslandiyadan olan nazirlər Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ilə Aİ-nin Daxili İşlər üzrə Komissarı Maqnus Brunnerə ünvanladıqları birgə məktubda Rusiya vətəndaşları üçün daha sərt Şengen vizası qaydalarının tətbiq olunmasını istəyiblər.

Ukraynadakı müharibə davam etdiyi bir vaxtda Avropada istirahət edən rusiyalı turistlərin sayındakı artımın ciddi narahatlıq doğurduğu qeyd edilən məktubda Aİ ilə Rusiya arasındakı viza rejiminin sadələşdirilməsi haqqında razılaşmanın 2022-ci ildə dayandırılmasına baxmayaraq, bu qərarın üzv ölkələr arasında eyni səviyyədə icra olunmadığı və bunun da böyük bir boşluq yaratdığı ifadə edilib.

Məktubda geosiyasi münaqişə dövrlərində Aİ-nin gücünün birliyində olduğu vurğulanaraq, ortaq xarici və təhlükəsizlik siyasətinin etibarlılığı, eləcə də qəbul edilən məhdudlaşdırıcı tədbirlərin səmərəliliyi baxımından uzlaşdırılmış və koordinasiyalı yanaşmanın mütləq olduğu bildirilib.

Həmçinin diqqətə çatdırılıb ki, 2025-ci ildə Rusiya vətəndaşlarına turizm məqsədilə 477 min 878 Şengen vizası verilib və bunların mühüm hissəsi çoxgirişli (multiviza) vizalar olub.

Bu vəziyyətin Aİ Komissiyasının Rusiya vətəndaşlarının qeyri-vacib səfərlərinə qarşı daha ciddi yanaşma nümayiş etdirmək barədəki tövsiyələri ilə ziddiyyət təşkil etdiyi qeyd olunub.

Məktubda Şengen zonasına asan giriş imkanının təhlükəsizlik risklərini artırdığı bildirilərək, Ukraynaya qarşı müharibədə iştirak etmiş yüz minlərlə rusiyalı hərbçinin Avropaya daxil olma ehtimalının qorxu yaratdığı vurğulanıb.

Bundan əlavə, fərqli ölkələrin fərqli viza siyasətləri yürütməsinin viza alverinə yol açdığı və Şengen zonasının ümumi təhlükəsizliyini təhlükəyə atdığı müdafiə edilib.

Sonda Rusiya vətəndaşlarına qarşı daha sərt viza siyasətinin Şengen zonasının təhlükəsizliyi və bütövlüyünün qorunması baxımından zəruri olduğu vurğulanıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu