Goranboyda ağır qəza: 2 nəfər öldü
Goranboy rayonunun Səmədabad kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı nazirliyin "112” qaynar telefon xəttinə avtomobillərdə insanların sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.
Hadisə yerində aparılan qiymətləndirmə zamanı "VAZ-2106” və "VAZ-2107” markalı minik avtomobillərinin toqquşduğu müəyyən edilib. Qəza nəticəsində bir neçə nəfər deformasiyaya uğramış avtomobillərdə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi avadanlıqlardan istifadə etməklə müxtəlif dərəcəli bədən xəsarətləri alan 1942-ci il təvəllüdlü Gülnarə Hüseynovanı və 1991-ci il təvəllüdlü Çinarə Əsgərovanı avtomobillərdən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Həmçinin xilasedicilər 1969-cu il təvəllüdlü Rza Qasımovun və 1940-cı il təvəllüdlü Şahbaz Qarayevin meyitlərini avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qəza nəticəsində ümumilikdə 3 nəfər xəsarət alıb, 2 nəfər isə həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.





