İran: ABŞ-ın hücumları beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır



İran Xarici İşlər Nazirliyi ABŞ-ın qəzaya uğrayan helikopterini bəhanə edərək ölkənin cənubundakı bəzi bölgələrə təşkil etdiyi hücumların beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu bəyan edib.

AFN.az xəbər verir ki, İranın IRNA xəbər agentliyi nazirliyin yaydığı yazılı bəyanatın mətnini dərc edib.

Sənəddə ABŞ-ın son hərbi əməliyyatlarının Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə, həmçinin dövlətlərin bir-birinə qarşı güc tətbiq etməsini qadağan edən əsas beynəlxalq hüquq prinsipinə tamamilə zidd olduğu müdafiə edilib.

İranın milli suverenliyi və ərazi bütövlüyünün hədəf alındığı qeyd olunan bəyanatda rəsmi Tehranın özünümüdafiə hüququ çərçivəsində hücumların mənbəyi hesab edilən bölgədəki ABŞ hərbi bazalarına və hərbi mövcudluğuna adekvat cavab verdiyi vurğulanıb.

Tehran rəhbərliyi region ölkələrinə növbəti dəfə çağırış edərək, öz ərazilərinin İrana qarşı yönəlmiş hücumların planlaşdırılması və dəstəklənməsi məqsədilə istifadəsinə icazə verməmələrini tələb edib.

İran Xarici İşlər Nazirliyi həmçinin BMT Təhlükəsizlik Şurasını və BMT-nin Baş katibini beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, eləcə də bu hücumların məsuliyyətini daşıyan tərəflərin hesabat verməsinin təmin edilməsi istiqamətində öz vəzifələrini yerinə yetirməyə çağırıb.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yaydığı rəsmi açıqlamada "AH-64 Apache" tipli helikopterin patrul xidməti yerinə yetirərkən Oman sahilləri yaxınlığında qəzaya uğradığını elan etmişdi.

Açıqlamada helikopterdə olan 2 heyət üzvünün sağ xilas edildiyi bildirilmişdi.

Vaşinqton bu helikopterin vurulmasını əsas gətirərək gecə saatlarında İranın cənub ərazilərinə hava zərbələri endirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu