İran: ABŞ-ın hücumları Küveyt və Bəhreyn üzərindən həyata keçirilib



İran Xarici İşlər Nazirliyi ABŞ qüvvələrinin Hörmüz boğazında İrana məxsus neft tankerinə və Qeşm adasındakı rabitə qülləsinə təşkil etdiyi hücumların Küveyt və Bəhreyn ərazilərindən reallaşdırıldığını iddia edərək, bu iki ölkənin rəhbərliyini İrana qarşı hücumların birbaşa məsuliyyətini daşımaqda ittiham edib.

AFN.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi yaydığı bəyanatla gecə və sübh saatlarında ABŞ ordusu tərəfindən Hörmüz boğazında İrana məxsus neft tankerinə və Qeşm adasındakı telekommunikasiya qülləsinə təşkil edilən hücumları pisləyib.

Sözügedən hücumların ABŞ ilə əldə olunmuş müvəqqəti atəşkəsin pozulması mənasına gəldiyi qeyd edilən açıqlamada "Bu təcavüzkar addımlar yalnız aprelin 8-də elan edilmiş atəşkəsin pozulması deyil, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır" ifadələrinə yer verilib.

ABŞ-ın İrana qarşı hücumlarda bölgə ölkələrinin ərazilərindən və hərbi obyektlərindən istifadə etdiyi bildirilən mətndə Küveyt və Bəhreynin bu hadisələrdə birbaşa və aşkar məsuliyyət daşıdığı müdafiə olunub.

Bəyanatda həmçinin bu fikirlər vurğulanıb:

"Hər hansı bir ölkə İran İslam Respublikasına qarşı hərbi hücumların həyata keçirilməsi məqsədilə öz quru, dəniz və hava məkanından və ya hərbi infrastrukturundan istifadəyə icazə verərsə, beynəlxalq hüququ və mehriban qonşuluq münasibətlərini pozmuş olar. Bu vəziyyət BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əsasən təcavüz aktı hesab olunur. Bu vəziyyətin doğuracağı nəticələrin məsuliyyəti ABŞ-Sionist təcavüzkarlarının və öz əraziləri ilə hərbi obyektlərini istifadəyə verməklə İrana qarşı bu addımlarda onlara kömək edən tərəflərin üzərinə düşür".






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu