İran: Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn və İordaniyadan təzminat tələb edirik
İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Səid İravani ABŞ və İsrailin İrana qarşı apardığı müharibədə iştirak etdikləri əsası ilə Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və İordaniyadan təzminat tələb etdiklərini bildirib.
AFN.az xəbər verir ki, İran dövlət televiziyası İravaninin mövzu ilə bağlı BMT Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının dövri sədrliyinə göndərdiyi məktubu yayımlayıb.
Məktubda adıçəkilən ölkələrin öz ərazilərini ABŞ-İsrail hücumları üçün istifadəyə verdiklərinə dair İran Silahlı Qüvvələrinin monitorinq və qiymətləndirmə hesabatlarına əsaslanan sübutların əvvəlcədən Şuraya təqdim edildiyi xatırladılıb. İravani qeyd edib ki, təcavüzkarlar sözügedən dövlətlərin ərazilərindən istifadə edərək bəzi mülki hədəflərə qarşı qanunsuz hücumlarda birbaşa iştirak ediblər.
Bu beş ölkənin beynəlxalq öhdəliklərini pozduğunu iddia edən sənəddə İrana dəymiş bütün maddi və mənəvi zərərin ödənilməli olduğu vurğulanıb.
Qeyd edək ki, İranın daimi nümayəndəsi martın 21-də BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Küveytin hava məkanı və ərazilərini hücumlar üçün istifadəyə verdiyinə dair hesabatı artıq BMT rəhbərliyinə təqdim edib.
