Aİ: Rusiyanı qınamaq kifayət deyil, onun təxribatlarına qarşı müqavimət imkanlarımızı gücləndirməliyik



Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Rusiyanı sadəcə qınamağın yetərli olmadığını bəyan edib.

AFN.az xəbər verir ki, o, Rusiyanın Avropa ərazilərinə yönəlmiş təxribatlarına qarşı durmaq üçün imkanların daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Kallas Strasburqda keçirilən Avropa Parlamenti Assambleyasının plenar iclasında Rusiyanın Baltikyanı ölkələrə, Rumıniya və Finlandiyaya qarşı provokativ fəaliyyətləri, həmçinin pilotsuz uçuş aparatlarının (PUA) bu dövlətlərin hava məkanını pozması ilə bağlı təşkil edilən sessiyada çıxış edib.

Avropanın illərdir kiberhücumlar, dezenformasiya kampaniyaları, təxribat və sabitliyi pozmaq cəhdləri ilə üz-üzə qaldığını xatırladan Ali Nümayəndə bu cür hücumların intensivliyinin və miqyasının indiyə qədər görünməmiş bir səviyyəyə çatdığını qeyd edib.

Kallas son vaxtlar Aİ-nin hava məkanının PUA-lar tərəfindən təkrarən pozulduğunu, hətta partlayıcı daşıyan Rusiya PUA-larından birinin Rumıniyada yaşayış binasına düşdüyünü diqqətə çatdıraraq, bu addımların Rusiyanın Aİ vətəndaşları, regional sabitlik və beynəlxalq sülh üçün yaratdığı təhlükəni, eləcə də gərginliyi artırmağa nə qədər hazır olduğunu göstərən ehtiyatsız hərəkətlər olduğunu bildirib.

Bu cür cəhdlərin ittifaqın Ukraynaya verdiyi qətiyyətli dəstəyə zərər vurmaq məqsədi daşıdığını deyən Kallas sadəcə qınamağın bəs etmədiyini, hibrid təhdidlərlə mübarizə planlarını irəli apararaq təxribatlara qarşı müqavimət gücünü artırmağın zəruriliyini ifadə edib.

Bu çərçivədə o, vəziyyətdən xəbərdarlıq səviyyəsinin yüksəldilməsini, dözümlülüyün artırılmasını, kritik infrastrukturun qorunmasını və cavab tədbirlərinə hazırlığın təkmilləşdirilməsini tələb edib.

Düşmənçilik hərəkətlərini sürətlə aşkar edib günahkarları müəyyənləşdirmək qabiliyyətinin inkişaf etdirilməsinin vacibliyinə toxunan Kallas, eyni zamanda Rusiyanın bu növ fəaliyyətlərinin bədəlini ağırlaşdırmağın lazım olduğunu deyib.

O, az xərclə qarşısının alınması sistemlərinə investisiya qoyulmasının əhəmiyyətini vurğulayaraq, dəyəri 3 min avro olan bir PUA-nı vurmaq üçün 1 milyon avroluq müdafiə raketindən istifadə etməyin davamlı bir yanaşma olmadığını diqqətə çatdırıb.

Hər hansı tərəddüdün Aİ-nin iradəsinin daha çox sınağa çəkilməsinə şərait yaradacağını qeyd edən Kallas, NATO-nun müttəfiqlərin kollektiv müdafiəsinin əsas sütunu olaraq qalacağını bildirib.

Kallas Rusiyanın təkcə Ukraynaya qarşı apardığı müharibəyə görə deyil, həm də cəmiyyətlərə və qurumlara qarşı sistemli şəkildə tətbiq etdiyi hibrid metodlara görə Aİ-nin təhlükəsizliyinə ən birbaşa və təxirəsalınmaz təhdid formalaşdırdığını qeyd edib.

Bu səbəbdən reaksiya verərkən birlik nümayiş etdirməyin və qətiyyətli mövqe tutmağın vacibliyini vurğulayan Aİ Ali Nümayəndəsi əlavə edib ki, əlbəttə, hər kəs sülhü dəstəkləyir, lakin Aİ-yə qarşı planlarını və təhdidlərini gizlətməyən bir qonşu ilə üz-üzə qaldıqda, çəkindiriciliyə qoyulan investisiyalar gələcəkdə müharibə etmək məcburiyyətində qalmağın gətirəcəyi xərclərdən qat-qat daha azdır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu