Ağ Evdəki UFC tədbirinə sui-qəsd planının qarşısı alınıb
Federal Təhqiqat Bürosu (FTB) Ağ Evdə təşkil edilən UFC (Qarışıq Döyüş Sənətləri) tədbirini hədəf alan hücum planını iflasa uğradıb.
AFN.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi snayperlər və partlayıcı yüklü dronlarla həyata keçirilməsi planlaşdırılan hücumla bağlı 5 nəfərin saxlanıldığını açıqlayıb.
Prokurorluq şübhəlilərin ətrafdakı binaları dronlarla vurmağı və aralarında yüksəkrütbəli şəxslərin də olduğu insanlara atəş açmağı hədəflədiklərini bildirib.
Saxlanılan şəxslərin şifrəli mesajlarında həddindən artıq dini və hökumət əleyhinə fikirlər paylaşdığı qeyd edilib.
FTB direktoru Kaş Patel sosial media hesabı vasitəsilə etdiyi açıqlamada bir neçə ştatı əhatə edən əməliyyatla hücum planının tamamilə qarşısının alındığını bəyan edib.
Saxlanılan şübhəlilərin 19 yaşlı Taysen K. Proper, 24 yaşlı Brayan Omar Roa, 32 yaşlı Maykl Alan Tomas, 32 yaşlı Daniel K. Eskric və 31 yaşlı Abraham Ermosilyo Alvares olduğu açıqlanıb.
Dörd fərqli ştatda yaxalanan şübhəlilərin hər biri "qəsdən adam öldürməyə cəhd üçün sövdələşmə" ittihamı ilə üz-üzədir.
Məhkəmə sənədlərinə görə, planı quranlar dronlar vasitəsilə panika yaradaraq kütləni snayperlərin olduğu bölgəyə doğru yönəltməyi məqsəd qoyublar.
Hücumun ikinci dalğasında isə digər bir qrupun Ağ Evin qapılarına basqın etməsi hədəflənib.
Cənub Bağında dəvətlilər üçün xüsusi təşkil edilən və təxminən 4 min 300 nəfərin qatıldığı tədbir zamanı ətrafda da 85 bin nəfərin döyüşləri izlədiyi bildirilib.
Məhkəmə qeydlərində qrupun hədəf almağı planlaşdırdığı şəxslər arasında Donald Tramp, vitse-prezident Cey Di Vens, İsrailin baş naziri Benyamin Netanyahu, İlon Mask və bəzi millət vəkillərinin yer aldığı ifadə edilib.
Hücum planı şübhəlilərdən Taysen K. Properın anasının xəbər verməsi nəticəsində üzə çıxıb.
Ana oğlunun böyük miqdarda silah satın almasından və internet üzərindən özlərini keçmiş hərbi qulluqçu kimi təqdim edən xristian mənşəli bir qrupla yazışmalarından narahat olaraq rəsmi qurumlara müraciət edib.
Qrupun hökumətdəki korrupsiya, Epşteyn sənədlərinə yanaşma tərzi və məlumat mərkəzlərinin su qaynaqlarını tükəndirməsi kimi mövzuları əsas gətirərək bir inqilab başlatmağı hədəflədiyi iddia edilib.
Proper ifadəsində qrupun mart ayından etibarən "TikTok" platformasındakı bir qrup üzərindən əlaqə saxladığını və üzvlərin böyük hissəsinin bu platforma vasitəsilə toplandığını etiraf edib.
Təhlükəsizlik yoxlanışından keçən şəxslərin daha sonra şifrəli mesajlaşma proqramı olan "Signal"a yönləndirildiyi qeyd olunub.
G7 sammiti üçün Fransada olan Donald Tramp mövzu ilə bağlı suala "Bu barədə heç nə eşitməmişəm" cavabını verib.
Məxfi Xidmətin direktor müavini Mett Kuinn isə hadisəni ciddi təhdid kimi qiymətləndirib, eyni zamanda təhqiqatın təfərrüatlarının mətbuata sızdırılmasına etiraz edib.
Kuinn təhqiqatın və təhlükəsizlik planının bütövlüyünü qorumaq naminə bu məlumatları paylaşmamağa üstünlük verdiklərini dilə gətirib.
Şübhəlilər təqsirli bilinəcəkləri təqdirdə ömürlük həbs və 250 min dollar pul cəzası tələbi ilə mühakimə olunacaqlar.
İlk məhkəmə iclasının 29 iyunda keçirilməsi planlaşdırılır.


