ABŞ-da 3 fələstinli tələbəyə silahlı hücum təşkil edən şübhəli şəxs yaxalanıb
ABŞ-ın Vermont ştatında Fələstin əsilli 3 tələbəyə silahlı hücum təşkil edən şübhəli yaxalanıb.
Hücumun baş verdiyi Burlinqton polisi şübhəli 48 yaşlı Ceyson J. İtonun aparılan araşdırmalardan sonra nəzarətə alındığını açıqlayıb.
Hücum yerinin qarşısındakı İtonun mənzilində axtarış aparılaraq dəlillərin toplandığı və onun bu gün məhkəmə qarşısına çıxacağı bildirilib.
Burlinqton polis rəisi Con Murad verdiyi açıqlamada, hər biri 20 yaşında olan Fələstin əsilli üç nəfərin qohumunu ziyarətindən qayıtdıqdan sonra Fələstin keffiyehləri ilə yolda getdiklərini və ətrafda silahlı ağdərili kişi ilə qarşılaşdıqlarını bildirib.
Murad şübhəlinin tərəflərlə heç nə danışmadan ən azı 4 atəş açaraq qaçdığını deyib. Bildirib ki, üç qurbandan ikisinin vəziyyəti stabil olaraq xəstəxanaya yerləşdirilib, digəri isə daha ağır xəsarətlər alıb.
Gənclərdən ikisinin ABŞ vətəndaşı, digərinin isə qanuni olaraq ölkədə olduğu barədə məlumatı paylaşan Murad hücumun “nifrət cinayəti” motivi ilə törədilə biləcəyini bildirsə də, ictimaiyyəti heç bir qəti nəticə çıxarmaqdan çəkinməyə dəvət edib.
Federal Təhqiqat Bürosu (FTB) və yerli polisin araşdırmaları davam edir.
Ağ Evdən verilən açıqlamada, prezident Co Baydenin 3 fələstinli tələbəyə hücumla bağlı məlumatlandırıldığı və istintaqla bağlı inkişafları izlədiyi bildirilib.