Sem Altmanın evinə hücum edən şübhəli qəsdən adam öldürməyə cəhddə ittiham olunur
ABŞ-da süni intellekt texnologiyaları istehsal edən "OpenAI" şirkətinin rəhbəri (CEO) Sem Altmanın evinə yandırıcı maddə ilə hücum etdiyi iddia edilən şübhəliyə qarşı qəsdən adam öldürməyə cəhd və yandırmağa cəhd ittihamları irəli sürülüb.
AFN.az xəbər verir ki, San-Fransisko dairə prokuroru Bruk Cenkins verdiyi açıqlamada, 10 aprel tarixində Altmanın Kaliforniya ştatındakı evinə hücum edən Daniel Moreno-Qama adlı şəxsin məhkəmə qarşısına çıxarılacağını bildirib.
Prokuror şübhəlinin həm Altmanı, həm də onun evində çalışan mühafizəçini öldürməyə cəhd etdiyini vurğulayaraq, bu cinayətlərə görə 19 ildən ömürlük həbsə qədər cəzanın nəzərdə tutulduğunu qeyd edib. Moreno-Qama haqqında hazırlanan ittihamnamədə onun süni intellekt texnologiyalarına qarşı olduğu və bu sahənin bəşəriyyət üçün böyük risk yaratdığını düşündüyü qeyd olunub.
ABŞ Federal Təhqiqat Bürosunun (FTB) rəsmisi Mett Kobo isə hadisənin qəfil baş vermədiyini, bunun əvvəlcədən planlaşdırılmış və hədəfə yönəlmiş bir hücum olduğunu bəyan edib. Məlumata görə, 20 yaşlı şübhəli Texas ştatından Kaliforniyaya məhz bu məqsədlə gəlib və onun üzərindən digər texnologiya rəhbərlərinin də adlarının yer aldığı siyahı tapılıb.



