İndoneziyada zəlzələ nəticəsində 840-dan çox yaşayış evinə ziyan dəyib
İndoneziyanın mərkəzi hissəsində baş verən 6,7 maqnitudalı zəlzələ nəticəsində 840-dan çox yaşayış binası və digər tikililər zərər görüb.
AFN.az xəbər verir ki, bu barədə "Antara" informasiya agentliyi fəlakətlərin fəsadlarının azaldılması üzrə milli agentliyə istinadən məlumat yayıb.
Rəsmi məlumatlara görə, yeraltı təkanlar nəticəsində 841 yaşayış evi, 2 ofis binası, 15 ibadət evi, bir sənaye müəssisəsi və bir körpü zədələnib. Qurum rəsmisinin sözlərinə görə, təkcə Mərkəzi Sulavesi əyalətinin Sigi dairəsində azı 800 yaşayış evinə ziyan dəyib. İlkin qiymətləndirmələrə əsasən, əyalətin daha iki dairəsində və inzibati mərkəzi olan Palu şəhərində də dağıntılar qeydə alınıb. Təbii fəlakət nəticəsində 1 nəfər həlak olub, 76 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri təxminən 282 min nəfərin yaşadığı Palu şəhərindən (Sulavesi adası) 46 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib. Seysmoloqlar əsas təkandan sonra maqnitudası 1,3 ilə 5,2 arasında dəyişən 460-dan çox afterşok qeydə alıblar.


