Türkiyədə Egey dənizində zəlzələ: 1 nəfər ölüb, 68 nəfər yaralanıb

Türkiyədə Egey dənizində baş verən zəlzələ nəticəsində azı 1 nəfər ölüb, 68 nəfər yaralanıb.
AFN.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün X səhifəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, Fethiye rayonunda (Muğla vilayəti) 14 yaşlı qız zəlzələ təlaşı ilə yaranan çaxnaşmada dünyasını dəyişib. Daha 68 nəfər panika və hündürlükdən tullanma nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 14 nəfərə yerində tibbi yardım göstərilib, 8 nəfər isə artıq xəstəxanadan buraxılıb. Daha 46 Türkiyə vətəndaşı hazırda xəstəxanalarda müalicə alır.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, Egey dənizinin Türkiyə ilə Yunanıstanın Oniki Adaları arxipelaqı (Cənubi Sporadlar) arasında yerləşən hissəsində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Yeraltı təkanların episentri təxminən 95,800 nəfərin yaşadığı Marmaris şəhərindən 18 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 58 km dərinlikdə olub.