Brexit qərarının İngiltərə iqtisadiyyatına 10 illik təsiri bəlli olub
İngiltərənin Avropa İttifaqından (Aİ) ayrılmaq qərarı verdiyi referendumdan ötən 10 ildə Brexitin 3 trilyon funt-sterlinq (4 trilyon dollar) həcmindəki ölkə iqtisadiyyatına təsirləri müzakirə olunarkən, ekspertlər bu fəsadların tədricən və toplanan bir təzyiq forması ilə ortaya çıxdığını bildirirlər.
AFN.az xəbər verir ki, İngiltərə 23 iyun 2016-cı ildə keçirilən referendumda Aİ-dən ayrılmağa səs verib.
"Britaniyanın çıxışı" mənasını verən Brexit 10 il əvvəl seçicilərin 52 faizinə bərabər olan 17 milyon insanın ayrılmaq lehinə səs verməsi ilə gerçəkləşsə də, rəsmi ayrılma prosesi təxminən 5 il davam edib.
Brexiti dəstəkləyən seçicilər İngiltərə iqtisadiyyatının Aİ-dən kənarda daha yaxşı inkişaf edəcəyi fikrini müdafiə edirdilər.
Ötən 10 ildə isə bu qərarın iqtisadiyyata təsirləri mühüm müzakirə mövzusu olmaqda davam edir.
"Ipsos" araşdırma şirkətinin son sorğularına görə, ölkə əhalisinin 52 faizi yenidən Aİ-yə daxil olmaq istəyir, 33 faizi isə buna qarşı çıxır.
Əhalinin 48 faizi Brexitin gözlədiklərindən daha pis getdiyini, yalnız 9 faizi isə gözləniləndən daha yaxşı nəticə verdiyini düşünür.
İngiltərə qoşulma məsələsi ilə bağlı yeni referendum keçiriləcəyi təqdirdə xalqın 48 faizinin bunu dəstəkləyəcəyi, 27 faizinin isə əleyhinə olacağı təxmin edilir.
İngiltərənin ən böyük ticarət tərəfdaşı olan Aİ-dən ayrılmasından sonra İngiltərə malları ittifaqa daxil olarkən gömrük rüsumuna cəlb edilməsə də, ixracatçılar gömrük sənədləşməsi, sərhəd sertifikatları və bəzi viza məhdudiyyətləri kimi çoxsaylı qeyri-tarif əngəllərindən şikayətlənirlər.
Bundan əlavə, İngiltərə rəsmi qurumların ticarət sazişlərini Brexitdən sonra yenidən müzakirə etməyə başlayıb və bir sıra yeni müqavilələr üçün danışıqları davam etdirir.
Ölkənin 2025-ci ilin aprelindən 2026-cı ilin aprelinə qədər olan dövrdə ümumi ticarət dövriyyəsi 1,9 trilyon funt-sterlinq təşkil edib ki, bunun da 941 milyard funt-sterlinqini ixrac, təxminən 989 milyard funt-sterlinqini isə idxal formalaşdırıb.
Bu dövrdə ixrac illik bazda 3 faiz, idxal isə 5,4 faiz artıb.
Sözügedən ticarət dövriyyəsinin təxminən 860 milyard funt-sterlinqi İngiltərə-Aİ ticarətinin payına düşür.
İngiltərənin Aİ-yə ixracı 385,4 milyard funt-sterlinq, idxalı isə 474,1 milyard funt-sterlinq səviyyəsindədir.
İngiltərənin Büdcə Planlaşdırma Ofisi (OBR) daxil olmaqla fərqli qurumların hesablamalarına görə, Brexit ölkə iqtisadiyyatını 4 faizlə 8 faiz arasında kiçildib ki, bu vəziyyət artım sürətinin zəif qalmasına, yaşayış xərclərinin yüksəlməsinə və məhsuldarlıq itkisinə səbəb olub.
Stenford Universiteti İqtisadi Siyasət Araşdırmaları İnstitutunun analizində Brexitin 2025-ci ilə qədər İngiltərənin ümumi daxili məhsulunu (ÜDM) 6-8 faiz azaltdığı və bu təsirin zamanla yığılaraq artdığı müəyyən edilib.
İnvestisiyaların 12-18 faiz, məşğulluğun 3-4 faiz və məhsuldarlığın da eyni səviyyədə azaldığı təxmin edilir.
COVID-19 pandemiyası, Rusiya-Ukrayna müharibəsi və ABŞ/İsrail-İran gərginliyinin son illərdə ölkə iqtisadiyyatına mənfi təsirləri olsa da, ekspertlər zəif artımın əsas məsuliyyətini Brexitin üzərinə qoyurlar.
"Institute for Government" beyin mərkəzinin baş elmi işçisi Cayls Uilks qeyd edib ki, Brexit səbəbindən ölkədə investisiya qoyuluşları potensial səviyyəsindən 10 faiz aşağı qalıb.
Onun fikrincə, bu proses qəfil bir müflisləşmə kimi deyil, saysız-hesabsız məyusluqların yavaş-yavaş toplanması ilə özünü göstərib və OBR-nin rəsmi təxminlərinə görə belə bu, 10 illik dövrdə bir trilyon funt-sterlinqdən çox itirilmiş fürsət deməkdir.
"King's College London" Universitetinin Siyasi İqtisad Bölümünün professoru Conatan Portes isə bildirib ki, Brexit ölkə iqtisadiyyatını potensialından daha kiçik hala gətirib və onun mənfi təsiri qəfil çöküşlə deyil, ticarət, investisiya və məhsuldarlıq üzərində tədrici təzyiqlərlə üzə çıxıb.
Portes vurğulayıb ki, gömrük nəzarəti, mənşə qaydaları tələbləri və sənəd yükü kimi dəyişikliklər İngiltərənin ən böyük ticarət tərəfdaşı ilə iş görməsinin xərclərini artırıb.
Onun sözlərinə görə, ölkə onsuz da zəif məhsuldarlıq artımı, aşağı investisiya, təzyiq altındakı dövlət maliyyəsi və böyük regional bərabərsizliklərlə üz-üzə idi və ticarət intensivliyinin azalması ilə investisiyaların zəifləməsi mövcud problemləri daha da ağırlaşdırır.


