İngiltərədə son 10 ildə 6 baş nazir: sabitlik böhranı
İngiltərədə son 10 ildə baş verən siyasi hərəkətlilik və lider dəyişiklikləri ölkə tarixinin ən təlatümlü dövrlərindən birini şərtləndirib.
AFN.az xəbər verir ki, 2016-cı ilin iyun ayından bu yana keçən müddət ərzində Mühafizəkarlar Partiyası və Leyboristlər Partiyası hökumətləri dövründə ümumilikdə 5 dəfə baş nazir dəyişib və bu prosesdə 6 fərqli şəxs baş nazir kürsüsündə əyləşib.
Siyasi hərəkətliliyin əsasını qoyan hadisə 2016-cı ildə keçirilən Avropa İttifaqı (Aİ) referandumu olub.
Dönəmin baş naziri Devid Kemeron ölkənin Aİ-də qalması istiqamətində kampaniya aparmasına baxmayaraq, referendumdan "Brexit" qərarının çıxmasından sonra 2016-cı ilin iyulunda istefa verib.
Kemerondan sonra vəzifəni təhvil alan Tereza Mey isə Brexit ayrılıq sazişini parlamentdən keçirə bilmədiyi üçün partiyadaxili təzyiqlərə dözməyərək 2019-cu ilin iyulunda postunu təhvil vermək məcburiyyətində qalıb.
Tereza Meyin istefasından sonra baş nazir vəzifəsinə gələn Boris Conson Brexiti reallaşdırmaq vədi ilə qatıldığı parlament seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib.
Lakin Consonun hakimiyyət dövrü koronavirus pandemiyası zamanı Baş Nazirliyin rəsmi iqamətgahında təşkil edilən ziyafətlər ("Partygate" qalmaqalı) və müxtəlif etik müzakirələr səbəbindən siyasi böhrana çevrilib.
Artan təzyiqlər nəticəsində Conson 2022-ci ilin sentyabrında vəzifəsindən ayrılıb.
Boris Consonun ardınca Mühafizəkarlar Partiyasının lideri seçilən Liz Trass 2022-ci ilin sentyabrında baş nazir kimi fəaliyyətə başlayıb.
Lakin Trass hökumətinin elan etdiyi mübahisəli vergi ixtisarı paketi sterlinqin tarixi dəyər itirməsinə və bazarlarda böyük iqtisadi sarsıntıya yol açıb.
Etimad limitini itirən Trass cəmi 49 gün hakimiyyətdə qalaraq ölkə tarixinə ən qısa müddət postda qalan baş nazir kimi düşüb və istefa verib.
Liz Trassın istefasından sonra 2022-ci ilin oktyabrında vəzifəyə gələn Rişi Sunak ölkənin Asiya mənşəli ilk baş naziri kimi iqtisadiyyatı sabitləşdirmək yollarını axtarıb.
Siyasi çalxantıların kölgəsində keçən iki ildən sonra, 2024-cü ilin iyulunda keçirilən ümumi seçkilərdə Mühafizəkarlar Partiyası böyük səs itkisi ilə məğlub olub.
Seçkilərin ardından Leyboristlər Partiyasının lideri Keyr Starmer hökuməti qurmaq vəzifəsini üzərinə götürərək İngiltərənin yeni baş naziri olub və bununla da ölkədə 14 illik Mühafizəkarlar Partiyasının hakimiyyətinə son qoyulub.
İngiltərə Baş naziri və Leyboristlər Partiyasının Lideri Keyyr Starmer bu gün partiyasının artıq özünü növbəti ümumi seçkilərdə ölkəyə liderlik edəcək ən yaxşı namizəd kimi görmədiyini qəbul edərək vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Starmer istefa çıxışında baş nazir olmağın onun həyatının ən qürurverici anı olduğunu qeyd edib.
Vəzifəni təhvil alarkən siyasi, maliyyə və mənəvi cəhətdən iflas etmiş, həmçinin dəfələrlə bitdiyi söylənilən bir Leyboristlər Partiyası ilə qarşılaşdığını ifadə edib.
Partiyasının onun gələcək seçkilərə liderlik etmək üçün ən doğru şəxs olub-olmadığını sorğuladığını bildirən Starmer bu cavabı eşitdiyini və bunu yetkinliklə qəbul etdiyini dilə gətirib.
Kral ilə görüşdüyünü açıqlayan Starmer öz xələfini müəyyənləşdirmək üçün yarış keçiriləcəyi təqdirdə yeni Leyboristlər Partiyası liderinin parlamentin sentyabr ayındakı açılışından əvvəl vəzifəsinə başlayacağını bəyan edib.
Səlahiyyətlərin nizamlı şəkildə təhvil verilməsi üçün əlindən gələn hər şeyi edəcəyini sözlərinə əlavə edən Baş nazir xələfinə tam dəstək verəcəyini vurğulayıb.
Çıxışının sonuna yaxın emosional anlar yaşayan Starmer bundan sonra həyat yoldaşı və övladları üçün yaxşı bir həyat yoldaşı və ata olacağını bildirib.
Starmer nitqindən sonra xanımını qucaqlayaraq Baş Nazirliyin 10 nömrəli rəsmi iqamətgahına daxil olub.




