"Brent" markalı neftin bir barreli 72,94 dollardan satılır
"Brent" markalı neftin bir barreli beynəlxalq fyuçers bazarlarında 72,94 dollardan əməliyyat görür.
AFN.az xəbər verir ki, dünən 76,76 dollara qədər yüksələn "Brent" neftinin fyuçers barrel qiyməti günü 73,87 dollarla başa vurmuşdu.
"Brent" neftinin barrel qiyməti bu gün saat 10:40-a olan məlumata görə, bağlanış qiyməti ilə müqayisədə təxminən 1,2 faiz azalaraq 72,94 dollar təşkil edib. Eyni dəqiqələrdə "West Texas Intermediate" (WTI) markalı xam neftin bir barreli isə 69,62 dollardan alıcı tapıb.
Qiymətlərin 75 dolların altına geriləməsində Hörmüz boğazında tanker keçidlərinin nəzarətli şəkildə normallaşması və Rusiya ilə ABŞ-nin ikitərəfli münasibətlərdə uzun müddətdir davam edən problemləri müzakirə etmək üçün yeni məsləhətləşmələr raundunu planlaşdırdıqlarına dair açıqlamalar təsirli olub.
ABŞ-nin Energetika Naziri Kris Rayt "Reuters Global Energy Forum" çərçivəsində qatıldığı müsahibədə son 24 saat ərzində Hörmüz boğazından təxminən 72 gəmi və 20 milyon barrel neftin keçdiyini bildirib.
Rayt boru kəmərləri vasitəsilə həyata keçirilən daşınmalara diqqət çəkərək, bu gün Fars körfəzindən çıxan neft axınının münaqişədən əvvəlki dövrlə müqayisədə daha yüksək səviyyədə olduğunu iddia edib.
İranın gəmi keçid kanalına minalar basdırmasının Hörmüz boğazındakı axını gecikdirdiyini müdafiə edən Rayt vəziyyətin tamamilə normallaşması üçün boğazın minalardan təmizlənməli olduğunu və bunun bir neçə həftəlik iş tələb etdiyini vurğulayıb.
Rayt ABŞ-nin İranla bir razılaşma olub-olmamasından asılı olmayaraq Körfəzdən gələn enerji axınını təmin edə biləcəyini qeyd edərək "İranın bundan sonra Hörmüz boğazını bağlamaq imkanı olmayacaq. Bu, kritik bir məqamdır, onların ən mühüm rıçaqı idi və biz bu rıçaqı onların əlindən alırıq" deyib.
ABŞ Dövlət Katibi Marko Rubio da İran ilə texniki səviyyədə aparılan danışıqlar çərçivəsində nümayəndə heyətlərinin növbəti həftə yenidən bir araya gələcəyini açıqlayıb.
Rubio bildirib ki, texniki heyətlər 29 və ya 30 iyunda yenidən görüşəcəklər və bu görüş böyük ehtimalla yenə İsveçrədə baş tutacaq. Danışıqlarda ABŞ Dövlət Departamenti və Energetika Nazirliyinin rəsmiləri də iştirak edəcəklər.
Qlobal neft ticarətinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında enerji daşınmasının böyük ölçüdə davam etməsi və ABŞ-İran diplomatik təmaslarının davam edəcəyi gözləntiləri bazar iştirakçılarının tədarük narahatlıqlarını yüngülləşdirərək qiymətlərin enişini dəstəkləyir.
Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov dünən verdiyi açıqlamada Rusiya və ABŞ-nin ikitərəfli münasibətlərdə uzun müddətdir mövcud olan problemlərin həllinə yönəlmiş yeni bir məsləhətləşmə mərhələsi təşkil etməyi planlaşdırdığını söyləyib.
Ryabkov iki ölkə arasında qarşılıqlı narahatlıq doğuran məsələlərin aradan qaldırılması istiqamətindəki dialoqun müxtəlif çətinliklərlə üzləşdiyini, buna baxmayaraq yeni məsləhətləşmələrin yayın sonuna qədər keçiriləcəyini gözlədiyini ifadə edib.
Bu açıqlama tərəflər arasında ünsiyyət kanallarının açıq qalacağına dair gözləntiləri gücləndirərək bazarlarda risk qavrayışını azaldıb və qiymətləri aşağı doğru təzyiqləyib.
Digər tərəfdən, qlobal miqyasda inflyasiya təzyiqinin yüngülləşə biləcəyinə dair gözləntilər ABŞ Mərkəzi Bankının (FED) faiz artımına getmə ehtimalını bir qədər zəiflədib.
Pul bazarlarındakı qiymətləndirmələrdə FED-in ilin sonuna qədər 2 dəfə faiz artıracağına dair güclənən gözləntilər zəifləməyə başlasa da, investorlar hazırda əsasən bankın bu il cəmi bir faiz artımı edəcəyi ssenarisini nəzərə alırlar. ABŞ-də faizlərin artırılmasının iqtisadi aktivliyi və neft tələbini azaldaraq qiymətləri basqılayacağı gözlənilir.
Analitiklər "Brent" neftində texniki olaraq 72,33 dolları dəstək, 73,41 dolları isə müqavimət zonası olaraq izləyirlər.
