Timsah çaya girən qadının qolunu qopardı
ABŞ-ın Florida ştatında dostları ilə birlikdə gəzintiyə çıxan 31 yaşlı qadın sərinləmək üçün girdiyi çayda timsahın hücumuna məruz qalaraq həyatını itirib.
AFN.az xəbər verir ki, Florida Vəhşi Təbiəti Qoruma Komissiyasının (FWC) yaydığı açıqlamaya görə, hadisə Orlando yaxınlığındakı "Little Big Econ" meşəsində baş verib.
Sevgilisi və ən yaxın rəfiqəsi ilə birlikdə gəzinti edən qadın sərinləmək məqsədilə Ekonlokhaçi çayına girib.
Təxminən bir metr dərinlikdəki suda diz çökmüş vəziyyətdə durduqları zaman qəfildən ortaya çıxan nəhəng bir timsah qadına hücum çəkib.
Hücum zamanı timsah qadının qollarını hədəf alarkən, sevgilisi qadını xilas etmək üçün uzun müddət mübarizə aparıb.
Təcili yardım xidmətinə (911) daxil olan zəng qeydlərində dostları qadını xilas etməyə çalışarkən arxa fonda qışqırıq səslərinin yüksəldiyi eşidilib.
Ağır yaralanan qadın hadisə yerində dünyasını dəyişib. Səlahiyyətlilər ailəsinə hələ məlumat verilmədiyi səbəbindən qurbanın şəxsiyyətini açıqlamayıblar.
Hadisədən sonra hərəkətə keçən ştatın şerif müavinləri və peşəkar bir timsah ovçusu çayda hücumun baş verdiyi yerin yaxınlığında görünən iki timsahı yaxalayaraq zərərsizləşdiriblər.
Timsahlardan birinin təxminən 4 metr, digərinin isə 3,6 metr uzunluğunda olduğu bildirilib.
Qadına hansı heyvanın hücum etdiyini dəqiq müəyyənləşdirmək məqsədilə timsahlardan alınan DNT nümunələri ştatın laboratoriyasına göndərilib.
Rəsmilər hücumun dəqiq səbəbinin hələlik bilinmədiyini, lakin timsahların cütləşmə dövrünün sonuna təsadüf etdiyi üçün bu mövsümdə onların olduqca qoruyucu və mühafizəkar ola bildiklərini qeyd ediblər.
Bundan əlavə, ştat miqyasında yaşanan quraqlıq səbəbindən çay sularının çox aşağı səviyyədə olmasının da heyvanların hərəkət sahəsini daraltdığı vurğulanıb.
Floridada timsahların ciddi xəsarətlərə yol açdığı halların nadirən qeydə alındığı ifadə edilsə də, bu hadisənin ştatın mərkəzi hissələrində son bir həftə ərzində bildirilən üçüncü timsah hücumu olduğu diqqətə çatdırılıb.
