Yatan qütb ayısını gəmi siqnalı ilə oyadan şəxsə 5 min dollar cərimə
Norveçə bağlı Svalbard adalarında quruda yatan bir qütb ayısını gəminin duman siqnalını çalaraq qəsdən narahat edən şəxsə təxminən 5300 dollar məbləğində cərimə kəsilib.
AFN.az xəbər verir ki, Norveç ilə Şimal qütbü arasında yerləşən Svalbard arxipelaqında hərəkətdə olan qayıqda bulunan şəxs sahildə yatan qütb ayısını görüb. Qütb ayısını oyatmaq məqsədilə dənizçilikdə yalnız xəbərdarlıq üçün istifadə olunan yüksək səsli duman siqnalını çalan şəxs heyvanın oyanaraq ərazidən uzaqlaşmasına səbəb olub.
Svalbard qubernatoru Lars Fause tərəfindən aparılan araşdırma nəticəsində hərəkətin qəsdən törədildiyi və mühafizə olunan heyvanın birbaşa narahat edildiyi müəyyənləşdirilib. Səlahiyyətlilər hadisəni törədən şəxsə 50 min Norveç kronu (təxminən 5300 dollar) məbləğində inzibati cərimə tətbiq edib. Şəxsin cəriməni ödəməyə razı olduğu bildirilib.
Svalbard ətraf mühitin mühafizəsi qanunlarına əsasən, 1973-cü ildən etibarən beynəlxalq səviyyədə qorunan qütb ayılarını səbəbsiz yerə narahat etmək, cəlb etmək və ya təqib etmək qəti şəkildə qadağandır. Qanunvericiliyə əsasən, insanların qütb ayılarına iyul-fevral ayları arasında 300 metrdən, cütləşmə dövrü olan mart-iyun ayları arasında isə 500 metrdən yaxınlaşmaması tələb olunur.
Mütəxəssislər qütb ayılarının xüsusilə yay aylarında buzlaqların əriməsi səbəbindən əsas qida mənbələrinə çatmaqda çətinlik çəkdiyini bildirirlər. Kifayət qədər kalori qəbul edə bilməyən heyvanlar enerjilərini qorumaq üçün gün ərzində hərəkətsiz qalaraq uzun müddət yatırlar.
Səlahiyyətlilər və təbiəti mühafizə təşkilatları bu dövrdə ayıların səbəbsiz yerə oyadılaraq hərəkət etməyə məcbur edilməsinin əlavə enerji itkisinə səbəb olduğunu, xüsusilə hamilə və ya balalarını əmizdirən dişi ayılar üçün bunun həyati təhlükə yarada biləcəyini vurğulayırlar. Ərazidə daha əvvəl də vəhşi heyvanları narahat edən turistlərə oxşar cərimələr tətbiq edilib.

