İtaliyada muzeydən İntibah dövrünə aid dörd qiymətli rəsm əsəri oğurlanıb
İtaliyanın Mədəniyyət naziri Alessandro Giuli Messina Regional Fənlərarası Muzeyindən Antonello da Messinaya aid olduğu bildirilən San Qreqorio Poliptixinin üç paneli ilə Məryəm və Məsih təsvirli ikitərəfli panelin şənbə gecəsi oğurlandığını təsdiqləyib.
AFN.az xəbər verir ki, təhlükəsizlik qüvvələri oğruların siqnalizasiya sistemlərini işə salmadan muzeyə necə daxil olduqlarını və hadisənin arxasında kimlərin dayandığını araşdırır.
İtaliyanın Ansa xəbər agentliyinin məlumatına görə, araşdırmaçılar rəsmlərin qara bazardakı sənət əsəri oğruları tərəfindən sifariş əsasında oğurlanması ehtimalını nəzərdən keçirirlər.
Muzeyin direktoru Marisa Mercurio oğurluğun şənbə günü yerli vaxtla saat 21:50 radələrində baş verdiyini təxmin etdiklərini bildirərək, bunun muzey, şəhər və incəsənət dünyası üçün böyük itki olduğunu ifadə edib.
Siciliyada doğulub böyüyən və erkən İntibah dövrünün ustad rəssamları arasında yer alan Antonello da Messinanın 1473-cü ildə çəkdiyi San Qreqorio Poliptixi Məryəm Ananı körpə İsa ilə birlikdə təsvir edir.
Məryəm və Məsih təsvirli kiçik ikitərəfli panelin isə xüsusi ibadət məqsədilə istifadə edildiyi təxmin edilir. Messina şəhərinin meri Federico Basile hadisə ilə bağlı dərin qəzəb hiss etdiklərini vurğulayaraq, Messinanın tarixinin oğurlanmasına icazə verməyəcəklərini bildirib.
Baş verən oğurluq Avropada muzeyləri hədəf alan və əvəzsiz əsərlərin yoxa çıxmasına səbəb olan son hadisə kimi qeydə alınıb.
Ötən günlərdə İtaliyanın sənət cinayətləri üzrə ixtisaslaşmış bölməsi Parma yaxınlığındakı bir muzeydən oğurlanan Sezann, Renuar və Matissə məxsus üç əsərin aşkarlandığını açıqlamışdı.
Ötən ilin sonlarında isə bir dəstə Parisdəki Luvr Muzeyinə gündüz vaxtı daxil olaraq milyonlarla avro dəyərində tarixi zinət əşyalarını oğurlamışdı.

