Makron: Luvr muzeyindəki oğurluq irsimizə hücumdur
Fransa Prezidenti Emmanuel Makron Luvr muzeyindən tarixi dəyərə malik 9 ədəd zinət əşyasının oğurlanması ilə bağlı olaraq “Bu, tariximizə və böyük sevgi ilə sahibləndiyimiz irsimizə yönəlmiş bir hücumdur” ifadəsini işlədib.
Makron X hesabında dünyaca məşhur Luvr Muzeyində dünən baş verən oğurluq hadisəsi ilə bağlı fikirlərini bölüşüb.
Paylaşımında “Luvrda baş verən oğurluq tariximizə və böyük sevgi ilə sahibləndiyimiz irsimizə qarşı bir hücumdur” deyən Makron oğurlanan əsərlərin tapılacağını və günahkarların ədalət qarşısına çıxarılacağını qeyd edib.
Makron əlavə edib ki, Paris prokurorluğunun apardığı istintaq çərçivəsində əsərləri tapmaq üçün hər yerdə bütün tədbirlər görülür.
O, yanvarda başlanan “Yeni Renessans Luvr” layihəsi çərçivəsində muzeyin təhlükəsizliyinin gücləndirilməsinin planlaşdırıldığını xatırladaraq, “Bu layihə yaddaşımızı və mədəniyyətimizi formalaşdıran əsərlərin qorunmasının və saxlanmasının təminatı olacaq” – deyə vurğulayıb.


