Sirli və son dərəcə güclü yeni süni intellekt modeli ortaya çıxıb
Texnologiya və süni intellekt dünyasında arxasında kimin dayandığı bilinməyən “Ox Alpha” adlı yeni süni intellekt modeli böyük maraq doğurub.
AFN.az xəbər verir ki, süni intellekt sistemlərinin təqdim edildiyi OpenRouter platformasında istifadəyə verilən Ox Alpha-nın performans testləri onun OpenAI və Anthropic kimi sektor liderlərinin hazırladığı ən yüksək səviyyəli modellərlə rəqabət apara biləcək səviyyədə olduğunu göstərib.
Platformada gizli model etiketi ilə təqdim olunan sistemlə bağlı açıqlamada süni intellektin ilkin baxış mərhələsində kimliyini gizli saxlamağa üstünlük verən üçüncü tərəf provayder tərəfindən idarə edildiyi bildirilib.
Sistemə daxil edilən istifadəçi məlumatlarının provayder tərəfindən saxlanıldığı, lakin modelin təlimi üçün istifadə edilmədiyi bildirilsə də, tərtibatçının naməlum olması məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqları da özü ilə gətirir.
Bütün bu sual işarələrinə baxmayaraq, proqramçılar sistemdən fəal şəkildə istifadə etməyə başlayıblar. Mətn, şəkil və video məzmunlarını emal etmək imkanına malik olan model təklif etdiyi yüksək hesablama gücünə baxmayaraq, demək olar ki, məhdudiyyətsiz və pulsuz şəkildə əlçatandır.
Süni intellektin performansı texnologiya dairələrində geniş əks-səda doğurub.
“Stripe” şirkətinin baş icraçı direktoru Patrik Kollison sistemin imkanlarını olduqca təsirli hesab etdiyini bildirib. Ekspertlər isə modelin mənbəyini və onun bazara mümkün təsirlərini araşdırmağa davam edirlər.
Tərtibatçının anonim qalması süni intellektin mənşəyi ilə bağlı müxtəlif iddiaları gündəmə gətirib. İlkin qiymətləndirmələrdə konkret dəlil olmasa da, Çində fəaliyyət göstərən texnologiya şirkətlərinə işarə edilib.
Çin şirkətlərinin yeni modellərini əvvəlcədən elan etmədən istifadəyə vermək vərdişi əvvəllər GLM-5 modelini fərqli adla sınaq üçün istifadəyə açan Z.ai şirkətini, eləcə də ByteDance və Alibaba kimi iri texnologiya istehsalçılarını mümkün namizədlər sırasında önə çıxarır.
