İran ABŞ-nin təkliflərinə cavabını vasitəçilər üzərindən çatdıracaq
İran ABŞ-nin danışıqlarda irəli sürdüyü təkliflərə cavabını vasitəçilər vasitəsilə çatdıracağını açıqlayıb.
AFN.az xəbər verir ki, İranın rəsmi IRNA agentliyinə danışan Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İran-ABŞ danışıqlarındakı son proseslərlə bağlı suala cavabında Tehranın müharibənin dayandırılması və regional təhlükəsizliyin yenidən təmin edilməsi ilə bağlı mövqeyinin aydın olduğunu bildirib.
Bəqayi İranın bütün cəbhələrdə tətbiq edilən müharibəyə son qoymaq, Fars körfəzi regionunda və Hörmüz boğazında təhlükəsizliyi yenidən təmin etmək məqsədilə irəli sürdüyü məsələlərin və şərtlərin açıq və dəqiq şəkildə ifadə edildiyini qeyd edib.
İranlı sözçü ABŞ-nin təkliflərinə lazımi cavabın vasitəçilər üzərindən veriləcəyini bildirib.
Bəqayi, həmçinin İranla ABŞ arasındakı mesajlaşmanın birbaşa deyil, vasitəçilər vasitəsilə həyata keçirildiyini vurğulayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi ötən həftə Nyu-Yorka səfəri zamanı Hörmüz boğazının açılması və müharibənin dayandırılması ilə bağlı 7 günlük plan açıqlamışdı. İran planı vasitəçilər üzərindən ABŞ-yə çatdırıb və ABŞ tərəfinin də planla bağlı öz mövqeyini təqdim etdiyi bildirilib.
İranın 7 günlük planı ABŞ-nin müəyyən şərtləri yerinə yetirməsi halında Hörmüz boğazının yenidən açılmasını və bundan sonra yekun razılaşma üzrə danışıqlara başlanılmasını nəzərdə tutur.
