30 dollara alınan tablo hərracda 1,35 milyon dollara satıldı
ABŞ-nin Miçiqan ştatında ev əşyalarının satışı zamanı 30 dollara alınan tablonun məşhur sürrealist rəssam Gertrud Aberkrombiya məxsus olduğu üzə çıxıb və əsər hərracda 1,35 milyon dollara alıcı tapıb.
AFN.az xəbər verir ki, iyul ayında keçirilən satış zamanı qaranlıq bir küncdə tapılan natürmort əsər Freeman's hərrac evi tərəfindən satışa çıxarılıb.
Mütəxəssislər təxminən 75 ildir ictimaiyyət qarşısına çıxmayan əsərin Gertrud Aberkrombiyə məxsus Alderman Merriamın qabıqları adlı tablo olduğunu təsdiqləyiblər.
1951-ci ildə tamamlanan və on dəniz qabığının təsvir edildiyi tablo Amerikanın Bohem kraliçası adlandırılan Aberkrombiyanın altı fərdi sərgisində nümayiş etdirilib və həmin dövrdə 50-150 dollar arasında qiymətləndirilib.
Rəssam əsəri heç vaxt satmayıb və tibbi xidmətlərin əvəzi olaraq Miçiqan ştatının Kalamazu şəhərindəki bir həkimə hədiyyə edib. Tablo həkimin ölümündən sonra miras yolu ilə başqa şəxslərə keçib və son olaraq iyul ayında keçirilən satış zamanı üzə çıxıb.
Hərrac evi tərəfindən vinil plastinlər və orta əsr mebelləri axtaran şəxs kimi təsvir edilən kimliyi açıqlanmayan alıcı tablonu qaraja aparan dəhlizin qaranlıq bir küncündə tapıb.
Qara fonda çətinliklə seçilən imzanı görən alıcı tablonu 30 dollara satın alıb.
Ailə tətilinin marşrutunu dəyişərək Miluoki İncəsənət Muzeyində Aberkrombi sərgisini ziyarət edən alıcı burada bir kataloqda tablonun 1952-ci ilə aid qəzet kəsiyindəki fotosunu görüb.
Əsəri hərrac evinə aparan alıcının tapdığı tablo sənət tarixi professoru Syuzan Vayninqer tərəfindən orijinal çərçivəsində və həqiqi Aberkrombi əsəri kimi təsdiqlənib.
Sənət restavratoru Culiən Baumqartner tərəfindən təmizlənən tablonun səthindəki kir və tutqunlaşmış lak istisna olmaqla mükəmməl vəziyyətdə olduğu bildirilib.
Freeman's tərəfindən 150-250 min dollar arasında qiymətləndirilən tablo gözləntiləri aşaraq 1,35 milyon dollara satılıb. Bu məbləğ Aberkrombiyanın əsərləri üçün yeni hərrac rekordu olub. Rəssamın Mərhəmət üçün mesaj adlı başqa bir tablosu 2025-ci ildə Sotheby's tərəfindən 1,02 milyon dollara satılmışdı.
1977-ci ildə vəfat edən rəssam Aberkrombi yuxunu xatırladan kompozisiyaları ilə tanınırdı. O, Çikaqodakı evində Dizi Gillespi və Çarli Parker kimi caz ulduzlarının çıxış etdiyi məclislərə ev sahibliyi edirdi.
Əsərlərində tez-tez istifadə etdiyi dəniz qabıqları, bayquşlar və pişiklər kimi motivlərin rəssamın şəxsi təcrübələrini və kimliyini simvolizə etdiyi bildirilir.
Hərrac evinin siyahısında dəniz qabıqlarının rəssam üçün dostluq talismanı rolunu oynadığı və onların adətən ən yaxın insanlara hədiyyə edildiyi qeyd olunub.
Freeman's vitse-prezidenti Zakari Virsum tablonun yenidən kəşf edilməsini möhtəşəm hadisə adlandırıb.



