Müasir incəsənətin ən baha satılan tablosu: 236,4 milyon dollar
Avstriyalı rəssam Gustav Klimtin “Elisabeth Ledererin Portreti” adlı əsəri Nyu Yorkda keçirilən açıq hərracda 236,4 milyon dollara satılaraq müasir incəsənət tarixində açıq hərracda satılan ən baha əsər unvanını qazanıb.
Sotheby’s-in yeni ABŞ mərkəzindəki ilk satış gecəsində keçirilən hərrac salon tərəfindən böyük alqış və təəccüblə qarşılanıb. Satış təxminən 20 dəqiqə davam edən gərgin təklif mübarizəsindən sonra başa çatıb.
Əsər İkinci Dünya Müharibəsi zamanı Avstriyadakı Immendorf Qalasında baş verən yanğında məhv olan digər Klimt tablolarından fərqli olaraq sağ qalmışdı. Hərracı idarə edən Sotheby’s Avropa Prezidenti Oliver Barker tablo üçün sənətkarın bu ölçüdəki portretlərindən birini əldə etmək üçün son fürsətlərdən biri olduğunu bildirib.
Portret əvvəllər milyarder kolleksiyaçı Leonard A. Lauderin evində sərgilənirdi. Lauder bu il vəfat edib. Satış 2022-ci ildə Andy Varholun əsəri ilə qırılan əvvəlki müasir incəsənət rekordunu geridə qoyub. Klimtin “Lady with a Fan” adlı son tamamlanmış portreti isə 2023-cü ildə 108,4 milyon dollara alıcı tapmışdı.
Eyni gecə Lauder kolleksiyasından ümumi satış 527,5 milyon dollara çatıb. Edvard Munçun bir əsəri 35,1 milyon dollara, başqa bir Klimt mənzərəsi isə 86 milyon dollara satılıb. Alexander Kalderin heykəli açılış əsəri idi və təxmin edilən dəyərinin təxminən üç qatına 889 min dollara alıcı tapıb.
Hərracın ən diqqətçəkən parçalarından biri konsept sənətkarı Maurizio Kattelanın 18 karatlıq qızıldan hazırlanmış 220 kq çəkisi olan tualet heykəli “America” olub. Başlanğıc qiyməti qızılın cari dəyərinə görə 10 milyon dollar olaraq müəyyən edilmiş əsər yalnız bir təklif alıb. Sotheby’s-ə görə əsəri alan şəxs məşhur bir Amerika markası olub. Ödənişlər daxil olmaqla ümumi satış qiyməti 12,1 milyon dollar olaraq açıqlanıb.
Kattelanın eyni əsərinin başqa bir versiyası bir müddət Guggenheim-də işlək vəziyyətdə sərgilənib, sonra Uinston Çörçilin doğulduğu Blenheim Sarayından oğurlanıb və hələ də tapılmayıb.
Basquiatın 1981-ci il tarixli əsəri çağdaş incəsənət bölməsinə 48,3 milyon dollarla liderlik edərkən, Kerri Ceyms Marşal və Barkli L. Hendriksin iki böyük əsəri alıcı tapa bilməyib. Açılış uzun müddətdir yavaşlayan yüksək səviyyəli incəsənət bazarı üçün əhval-ruhiyyəni artırıb.
Qlobal sənət satışları son iki ildə azalma göstərsə də, Sotheby’s bu həftə 1 milyard dollar toplamağı hədəfləyir. Christie’s-in həftə əvvəlki satışında 690 milyon dollar gəlir əldə etməsi bazarda ehtiyatlı bərpa gözləntilərini gücləndirib.
Sotheby’s həmçinin həftə ərzində Frida Kahlonun “El sueño (La cama)” adlı əsərini satışa çıxaracaq. Mütəxəssislərə görə, əsər Georgia O’Keeffe-nin qadın sənətçilər arasında açıq hərrac rekordunu qırması üçün potensiala sahibdir.




