Pandemiya stressi yeniyetmələrdə bioloji yaşlanmanı sürətləndirib



COVID-19 pandemiyasının yaratdığı stressin bioloji yaşlanmanı sürətləndirdiyi müəyyən edilib. Almaniyada 1000-dən çox insan üzərində aparılan araşdırma bu təsirin xüsusilə yeniyetmələrdə daha qabarıq olduğunu göstərib.

AFN.az xəbər verir ki, tədqiqat zamanı pandemiya dövründə yaşanan stresslə bioloji yaşlanma arasındakı əlaqə araşdırılıb.

Stressin yalnız psixi sağlamlığa deyil, orqanizmin bioloji fəaliyyətinə də təsir etdiyi məlumdur.

Yeni araşdırma COVID-19 pandemiyası zamanı yaşanan stressin bioloji yaşlanma prosesini sürətləndirdiyinə dair nəticələr ortaya qoyub.

ABŞ Milli Elmlər Akademiyasının Elmi Hesabatları (PNAS) jurnalında dərc olunan araşdırmada Almaniyada 1000-dən çox insanın tüpürcək nümunələri təhlil edilib.

İştirakçıların pandemiyadan əvvəl və sonra götürülmüş nümunələri müqayisə edilərək DNT-də yaşlanma ilə əlaqəli dəyişikliklər qiymətləndirilib.

Tədqiqatçılar uşaqları, yeniyetmələri və 20-29 yaş arasındakı yetkinləri üç ayrı qrupa bölüblər. 2020-ci ilin martında ilk karantin tətbiq edilməzdən əvvəl götürülmüş nümunələr 2021-2022-ci illərdə əldə edilən nümunələrlə müqayisə olunub.

Araşdırmada istifadə edilən dörd fərqli bioloji yaşlanma ölçüsündən üçü iştirakçıların müxtəlif yaş qruplarında yaşlanma sürətinin artdığını göstərib.

Lakin pandemiya zamanı hiss edilən stresslə bioloji yaşlanma arasındakı əlaqə yalnız yeniyetmələrdə aydın şəkildə müşahidə olunub.

Xüsusilə azadlıqlarının məhdudlaşdırılmasından və yaxınlarından ayrı qalmaqdan daha çox təsirlənən yeniyetmələrdə bioloji yaşlanmanın sürətləndiyinə dair daha güclü nəticələr əldə edilib.

Araşdırmanın aparıcı müəllifi, Münhendəki Maks Plank Psixiatriya İnstitutunun neyroloqu Alisiya Şove yeniyetməlik dövrünün stressin təsirlərinə qarşı xüsusilə həssas ola biləcəyini bildirib.

Bu vəziyyətin yeniyetməlik dövründə orqanizmdə baş verən dəyişikliklərdən və ya karantin müddətində yaşıdlarla ünsiyyətin məhdudlaşdırılmasının gənclərə təsirindən qaynaqlana biləcəyi ehtimal olunur.

Araşdırmada sürətlənmiş bioloji yaşlanma ilə əlaqəli digər mühüm amillər arasında yüksək bədən kütləsi indeksi və tütün tüstüsünə məruz qalma da yer alıb.

Alimlər pandemiya dövründə hərəkətsiz həyat tərzinin və çəki artımının da bioloji yaşlanma göstəricilərindəki dəyişikliklərə töhfə vermiş ola biləcəyini bildiriblər.

Epigenetik yaşlanma DNT-nin quruluşu dəyişmədən genlərin fəaliyyətində baş verən dəyişikliklərin yaşla əlaqəli şəkildə qiymətləndirilməsini ifadə edir.

Alimlər DNT üzərindəki kimyəvi işarələrdən istifadə etməklə insanın bioloji yaşını və yaşlanma sürətini təxmin edə bilirlər. Bu ölçmələrin nəticələri insanın təqvim yaşından fərqlənə bilər.

Tədqiqatçılar pandemiya dövründə müşahidə edilən dəyişikliklərin qalıcı olub-olmadığını və sonrakı illərdə sağlamlıq problemləri ilə əlaqə yaradıb-yaratmadığını müəyyənləşdirmək üçün uzunmüddətli müşahidə araşdırmalarına ehtiyac olduğunu vurğulayıblar.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu