İnsanlar iki yaş aralığında daha sürətli qocalır - ARAŞDIRMA

Alimlər müəyyən ediblər ki, insan orqanizmində qocalma prosesi iki kritik dövrdə sürətlənir. Araşdırmalara görə, qocalma prosesində ən kəskin dəyişikliklər orta hesabla 44-60 yaş arasında baş verir.
Stanford Universitetində genetik alim Maykl Snayder "Biz zamanla tədricən dəyişmirik, bəzi dövrlərdə həqiqətən dramatik dəyişikliklər yaşayırıq. 40-cı yaşın ortaları və 60-cı yaşın əvvəlləri bu dəyişikliklərin ən intensiv olduğu dövrlərdir. Üstəlik hansı molekul sinfinə baxsanız da, bu vəziyyət dəyişmir” deyib.
Yaşlanma prosesi mürəkkəb bioloji dəyişikliklər prosesinə əsaslanır və bir çox xəstəliklərin riskini artırır.
Snayder və komandası bu prosesi daha yaxşı başa düşmək və yaşa bağlı xəstəliklərlə mübarizənin effektiv üsullarını hazırlamaq üçün insan orqanizmindəki bioloji dəyişiklikləri izləyir.
Tədqiqatçılar bir neçə il ərzində müntəzəm olaraq 108 yetkin insanın bioloji nümunələrini tədqiq ediblər. Ümumilikdə 135 mindən çox bioloji faktor təhlil edilərək, qocalma prosesində əhəmiyyətli dəyişikliklər göstərən molekullar müəyyən edilib.
Araşdırmaya görə, bədəndəki molekulların təxminən 81 faizi 44-60 yaş arasında əhəmiyyətli dəyişikliklər göstərir.
40-cı yaşın ortalarında lipid, kofein və spirt mübadiləsi, ürək-damar xəstəlikləri, dəri və əzələ funksiyaları ilə bağlı molekullarda əhəmiyyətli dəyişikliklər baş verdiyi halda, 60-cı yaşın əvvəllərində karbohidrat mübadiləsində, immun sistemində və böyrək funksiyalarında dəyişikliklər müşahidə edilib.
Yaşlanma prosesi təkcə qadınlarla məhdudlaşmır
Bu yaş aralıqları qadınlarda menopoz və ya perimenopoz ilə üst-üstə düşdüyü üçün alimlər bunun əsas faktor olub-olmadığını da araşdırıblar. Ancaq araşdırmalar kişilərin də eyni yaş aralığında oxşar bioloji dəyişikliklər yaşadıqlarını göstərib.
"Bu onu göstərir ki, menopozun qadınlara təsiri olsa da, həm kişilər, həm də qadınlar üçün daha böyük faktorlar var. Bu amillərin müəyyən edilməsi gələcək tədqiqatlar üçün prioritet olmalıdır", - metabolomika üzrə ekspert və tədqiqatın aparıcı müəllifi Xiaotao Şen bildirib.
Tədqiqatçılar tədqiqatın nümunə ölçüsünün məhdud olduğunu və 25-70 yaş arası şəxsləri əhatə etdiyini qeyd ediblər. Gələcəkdə daha geniş yaş aralıqlarını və daha ətraflı bioloji müayinələri ehtiva edən araşdırmalarla bu prosesi daha yaxşı başa düşmək hədəflənir.
Araşdırmanın nəticələri "Nature Aging" jurnalında dərc olunub.