İtaliyada zirehli pul daşıyan avtomobilə silahlı basqın cəhdi



İtaliyanın cənub-şərqində yerləşən Puliya bölgəsində səhər saatlarında hərəkətdə olan zirehli pul daşıyan avtomobilə silahlı basqın etməyə cəhd göstərilib. 

AFN.az xəbər verir ki, hadisə Cerinyola ilə San Ferdinando di Puliya şəhərləri arasındakı 16 nömrəli avtomobil yolunda baş verib.

İtaliya mətbuatının yaydığı məlumata görə, yolda hərəkətdə olan zirehli pul daşıyan avtomobil silahlı basqın cəhdinə məruz qalıb.

Təxminən 10 silahlı və maskalı şəxsdən ibarət olduğu bildirilən qrupun yolu bağlamaq və nəqliyyatın hərəkətini dayandırmaq məqsədilə oğurlandığı ehtimal edilən iki avtomobili yandırdığı, daha sonra zirehli avtomobili dayandıraraq hücum etdiyi qeyd olunub.

Basqınçıların avtomobili saxladıqdan sonra partlayıcı maddələrdən və kəsici alətlərdən istifadə edərək pul seyfinin yerləşdiyi bölməni açmağa çalışdıqları bildirilib.

Silahlı şəxslərin hadisə yerindən qaçarkən içərisində iki sərnişin olan avtobusu da yolu bağlayacaq şəkildə dayanmağa məcbur etdikləri qeyd olunub.

Avtomobildə daşınan pulu ələ keçirə bilib-bilmədikləri hələlik məlum deyil. Təhlükəsizlik qüvvələrinin hadisə ilə bağlı araşdırması davam edir.

Zirehli avtomobilə hücumun avtomobil yolunun nəqliyyatın hərəkəti üçün bağlanmasına və ciddi ləngimələrə səbəb olduğu bildirilib.

Puliya bölgəsinin avtomobil yolları son dövrlərdə zirehli pul daşıyan avtomobillərə qarşı vaxtaşırı törədilən hücumlarla gündəmə gəlir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu