Cavanşir Feyziyev AFN-in məlumatını təsdiqlədi: "Həmin "Porsche" mənimdir..."




Deputat Cavanşir Feyziyev fevralın 15-də Qala qəsəbəsində ölümlə nəticələnən qəza törədən "Porsche Cayenne GTS” markalı avtomobilin ona məxsus olduğunu təsdiqləyib.

AFN xəbər verir ki, o, demokrat.az-a açıqlamasında qəza törədilən zaman sükan arxasında özünün deyil, sürücüsünün olduğunu bildirib: "Qəza baş verən zaman mən Bakıda olmamışam. Mən ayın 12-dən Brüsseldə səfərdəyəm. Bakıya yeni qayıtmışam. Maşını idarə edən sürücüm olub. Adam qəza törədib, araşdırılır, kim günahkardırsa cəzasını da çəkəcək. Adətən, mən ölkədə olmayanda sürücüm öz maşınını idarə edir. Bu qədər illər ərzində birinci dəfədir ki, belə hadisə baş verir. Hesab edirəm ki, burada qeyri-adi nə isə yoxdur. Qəza hər kəsin başına gələ bilər, heç kəs bu cür hadisələrdən sığortalanmayıb. Kim yalandan deyir, guya, qəza vaxtı mən sükan arxasında olmuşam və sairə, Allah özü onların cəzasını verəcək".

Cavanşir Feyziyev qəzaya düşən "Porsche Cayenne GTS” markalı avtomobilinin elə də bahalı olmadığını söyləyib: "Məgər Bakıda cəmi bir-iki "Porsche” var? Bakıda minlərlə "Porsche” var. Digər tərəfdən isə "Porsche" nə vaxtdan bahalı maşın olub? "Porsche" orta qiymətə olan maşındır. Məgər deputatın "Porsche"si ola bilməz? Burada qeyri-adi nə var?"

Xatırladaq ki, həmin avtomobilin C.Feyziyevin özünün olması barədə ilk məlumatı AFN yayıb. Ona qədər isə publika.az saytı avtomobilin guya "Avromed" şirkətinə aid olması, qəzanı törədən Abbasov Fərdi Həsənağa oğlunun isə həmin şirkətdə çalışması barədə məlumat yaymışdı.

AFN-in araşdırması ilə bu LİNKDƏ tanış ola bilərsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu