Azərbaycan və İran gömrükçüləri arasında "e-TIR Pilot" layihəsi müzakirə edilib




Fevralın 27-də Azərbaycan Respublikasının Astara şəhərində Azərbaycan və İran gömrük orqanlarının nümayəndə heyətləri arasında görüş keçirilib.



DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilir ki, görüşdə "BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında" Gömrük Konvensiyası (BYD Konvensiyası, 1975-ci il) ilə tənzimlənən prosedurlar çərçivəsində iki ölkə arasında tranzit əməliyyatlarının tam elektronlaşdırılmasını nəzərdə tutan "e-TIR Pilot" layihəsi müzakirə edilib.
Danışıqlarda Azərbaycan tərəfindən Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, tranzit əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev, Cənub Ərazi Baş Gömrük İdarəsi rəisinin müavini Faiq Seyidov və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) nümayəndələri, İran tərəfindən isə Gömrük Administrasiyasının İnformasiya Texnologiyaları üzrə Baş direktoru xanım Hayede Bageripur, beynəlxalq əməkdaşlıq üzrə Baş direktor Hoseyn Kaxki, Tranzit Baş Direktoratlığının müavini Mostafa Ayəti, ikitərəfli əməkdaşlıq bölməsinin rəhbəri Əmir Həbibvənd və İran Ticarət Palatasının (ICCIMA), eləcə də Tehran Universitetinin Tətbiqi Sistemlər üzrə Tədqiqat İnstitutunun nümayəndələri iştirak edib.
Görüş zamanı iki ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində beynəlxalq avtomobil daşımalarına gömrük nəzarətinin elektron platformalar üzərindən kompüterləşdirilməsi imkanlarının genişləndirilməsi, eləcə də müasir elektron metodların tətbiqi ilə beynəlxalq daşımaların gömrük tənzimlənməsi məsələlərinə baxılıb, bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə ikitərəfli icra planının hazırlanması nəzərdən keçirilib.
Tərəflər görüşdə "e-TIR Pilot" layihəsi üzrə müvafiq qanunverici çərçivənin, pilot layihədə iştirak edəcək gömrük orqanları və daşıyıcıların, eləcə də ilk pilot daşımaların başlanması üçün vaxt çərçivələrinin müəyyən edilməsi, texniki imkanların yaradılması, elektron sistemdən istifadə üzrə gömrük əməkdaşlarının hazırlığının təmin edilməsi üçün təlimlərin keçirilməsi məsələlərini də müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycan və İran gömrük orqanları tərəfindən sözügedən sahədə əməkdaşlıq Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas komponenti olan iki ölkə ərazisinin tranzit potensialının genişləndirilməsi və beynəlxalq daşımaların rəqabətqabiliyyətliliyinin artırılması işinə töhfə verəcək.
Azərbaycan Respublikası 2018-ci ilin oktyabrında, İran İslam Respublikası isə 2019-cu ilin yanvarında BYD prosedurlarının elektronlaşdırılmasını nəzərdə tutan əsas prinsipləri imzalayıb.
Azərbaycan və İran gömrük orqanlarının nümayəndə heyətləri arasında görüş fevralın 28-də İran İslam Respublikasının Astara şəhərində davam etdiriləcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu