DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
“Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (YKTS) qoşulmaq prosesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə dəstək” tvinninq layihəsinin Rəhbər Komitəsinin 4-cü iclası keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AFN-ə verilən məlumata görə, ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində keçirilən iclasda Dövlət Gömrük Komitəsinin Katibliyinin rəisi Anar Süleymanov, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, İqtisadiyyat Nazirliyinin nümyəndəsi, İşçi qrupun Azərbaycandan olan üzvləri, Layihənin rezident tvinninq məsləhətçisi Antonio Lo Parco və işçi qrupun İtaliyadan olan üzvləri iştirak ediblər.
DGK Katibliyinin rəisi Anar Süleymanov layinənin əhəmiyyətindən danışıb və uğurla həyata keçirildiyini, icra prosesində hər hansı yubanma baş vermədiyini bildirib. O da qeyd olunub ki, işçi qrup tərəfindən layihənin icrası çərçivəsində görülən işlərə dair əhatəli hesabat hazırlanıb və DGK tərəfindən yüksək qiymətləndirilib.
Layihənin rezident tvinninq məsləhətçisi Antonio Lo Parco layihənin icrası prosesindən məmnunluqla danışıb, COVİD -19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq işçi qrupun qarşıya qoyulan məqsədləri uğurla icra etdiyini bildirib. İclasın yekununda layihənin növbəti dövri rüblük hesabatı, büdcə planı və digər sənədlər imzalanıb.
Qeyd edək ki, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihə İtaliya Gömrük və İnhisar Agentliyi tərəfindən icra edilir. Layihənin məqsədi Dövlət Gömrük Komitəsinin Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi haqqında 20 may 1987-ci il tarixli Konvensiyasına, 20 may 1987-ci il tarixli Ümumi Tranzit Konvensiyasına (CTC) və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulmasının hazırlıq prosesində müvafiq hüquqi, inzibati və texniki mühitin yaradılmasına dəstək verilməsidir.