“Ümumi tranzit proseduru üçün gömrük zəmanət sistemi” mövzusunda seminar keçirilib


Azərbaycanda fəaliyyət göstərən bank və sığorta şirkətlərinin nümayəndələri üçün “Ümumi tranzit proseduru üçün gömrük zəmanət sistemi” mövzusunda seminar keçirilib.


DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AFN.az-a verilən məlumata görə, seminar Avropa İttifaqının dəstəyi ilə icra edilən “Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (YKTS) qoşulmaq prosesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Dəstək” tvinninq layihəsi çərçivəsində təşkil olunub.

Məqsəd ölkəmizdə bank və sığorta şirkətlərini tranzit prosedurunda gömrük zəmanətinə dair Avropa İttifaqının qanunvericiliyi ilə tanış etməkdir.

Tədbirdə Dövlət Gömrük Komitəsi Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev, Komitənin aidiyyəti strukturlarının əməkdaşları, İqtisadiyyat Nazirliyi, İtaliya Aksiz, Gömrük və İnhisar Agentliyinin mütəxəssisləri, bank və sığorta şirkətlərinin 30-a yaxın nümayəndəsi iştirak edib.

Seminarın açılış mərasimində Avropa ilə Asiya arasında körpü rolu oynayan və mühüm nəqliyyat dəhlizlərini özündə birləşdirən Azərbaycanda logistika sahəsində həyata keçirilən irimiqyaslı layihələrdən bəhs olunub.

Bildirilib ki, bu layihələr ölkənin tranzit imkanlarının artmasına ciddi təkan verəcək. Hazırda tranzit qanunvericiliyinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır. Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulduqdan sonra ölkəmizin tranzit imkanları ilə yanaşı, ixrac potensialı da sürətlə artacaq. Layihənin uğurlu icrası ölkənin bank-maliyyə sektoru üçün də yeni imkanlar yaradacaq. Təlimin məqsədi də bu istiqamətdə aidiyyəti qurumların məlumatlandırılmasıdır.

Sonra İtaliya Aksiz, Gömrük və İnhisar Agentliyinin mütəxəssisləri Antonio Lo Parco, Marco Ciampi və Antonio Carroccia Ümumi Tranzit Proseduru və Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi, Ümumi Tranzit Konvensiyası çərçivəsində zəmanət sisteminin hüquqi, prosedur və əməliyyat aspektləri, Ümumi Tranzit Prosedurunda zaminlərin vəzifələri, funksiyaları və üstünlükləri mövzularında təqdimatlarla çıxış edib, seminar iştirakçılarının suallarını cavablandırıblar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu