Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulma ilə bağlı Tvinninq Layihəsinin açılış tədbiri keçirilib
“Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulma prosesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Dəstək” adlı Tvinninq Layihəsinin açılış tədbiri keçirilib.
Videokonfrans formatında keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulmaya hazırlıq prosesində Dövlət Gömrük Komitəsinə dəstək üzrə Tvinninq layihəsi çərçivəsində təşkil olunan görüşün səmərəli və məhsuldar olacağına əminliyini ifadə edib. O da vurğulanıb ki, Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən ölkəmizin tranzit potensialının artırılması iqtisadi inkişafın prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzindədir. Qeyri-neft sektorunun tərəqqisi və iqtisadiyyatın əsas sahələrinin diversifikasiyası kontekstində ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdam ölkəmizin tranzit potensialının artırılmasına töhfə vermək gömrük orqanlarının prioritet fəaliyyət istiqamətlərindən biridir.
Komitə sədri bildirib ki, tranzit daşımaların inkişaf etdirilməsi sahəsində dövlət tərəfindən müəyyən edilmiş siyasətə uyğun olaraq, “Logistika və Ticarətin İnkişafı üzrə Yol Xəritəsi” də daxil olmaqla, müvafiq proqram və sənədlərdə tranzit daşınan malların sərhəd keçidinin sürətləndirilməsi, prosedurların sadələşdirilməsi, ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması kimi mühüm hədəflər müəyyən olunub. Bu sahədə gömrük orqanlarının rolu nəzərə alınaraq, gömrük tranzitinin inkişafı məqsədilə vahid yanaşma əsasında icra mexanizmlərinin müəyyən edilməsi üçün ötən il Dövlət Gömrük Komitəsi Kollegiyasının qərarı ilə Tranzit Konsepsiyası təsdiq edilib. Konsepsiya çərçivəsində, tranzit sisteminin inkişaf etdirilməsi məqsədilə müasir beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə qabaqcıl texnologiyaların tətbiqi gömrük orqanları qarşısında qoyulan əsas tapşırıqlardandır.
DGK sədri Prezidentin müvafiq sərəncamı ilə təsdiq olunmuş dövlət proqramında Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiq olunmasının sürətləndirilməsi üçün milli qanunvericiliyin uyğunlaşdırılması və tranzit zəmanət sisteminin yaradılması istiqamətində tədbirlərin görülməsinin müəyyən olunduğunu da bildirib. Həmçinin qeyd edib ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan və İtaliya gömrük xidmətlərinin iradəsi nəticəsində bu layihənin icrasının davam etdirilməsi barədə qərar qəbul edilib və bu qərar Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru olan İqtisadiyyat Nazirliyi tərəfindən dəstəklənib. Səfər Mehdiyev göstərilən dəstəyə görə, Azərbaycan gömrük xidməti adından təşəkkürünü ifadə edib.
Layihənin əsasını qanunvericiliyin, informasiya texnologiyalarının və əməliyyat imkanlarının uyğunlaşdırılması kimi 3 əsas komponentin təşkil etdiyini deyən DGK sədri hər 3 komponentin icrası ilə bağlı əldə olunmuş irəliləyişdən məmnunluğunu bildirib.
Səfər Mehdiyev Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən tvinninq layihəsinin uğurla icra ediləcəyinə, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan İtaliyanın gömrük xidməti ilə bu sahədə səmərəli əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis bildirib ki, proseslərin sadələşdirilməsi, asanlaşdırılması, gömrük sahəsində yeniliklərin tətbiq edilməsi xüsusi əhəmiyyət daşıyır və ümumi tranzit prosedurları, sənədləşmə işinin sadələşdirilməsi Avropadan olan işgüzar dairələr üçün olduqca vacibdir.
Tədbirdə rezident tvinninq məsləhətçisi Antonio Lo Parco layihənin əhəmiyyəti və gələcək perspektivlərilə bağlı ətraflı məlumat verib. Tədbir çərçivəsində layihə ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə İtaliya Gömrük və İnhisar Agentliyi tvinninq tərəfdaşlarıdır. Tvinninq layihəsinin məqsədi Azərbaycanın mövcud Avropa İttifaqı gömrük sistemləri ilə əlaqəsinin və tərəflər arasında ticarətin asanlaşdırılmasını təmin etməkdir.