Gömrük Komitəsinə dəstək tvinninq layihəsi uğurla icra olunur


Oktyabrın 7-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Regional ofisində “Avropa Birliyində tranzit prosedurunun qanunvericilik çərçivəsi: gömrük idarələrinin rolu, zəmanətlər, sadələşdirmələr, sorğu və bərpa prosedurları” mövzusunda seminar keçirilib.


AFN xəbər verir ki, tədbir "Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulmaq prosesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə dəstək" tvinninq layihəsi çərçivəsində təşkil olunub.

Seminarda Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi, layihə rəhbəri Anar Süleymanov, İqtisadiyyat və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin nümayəndələri, layihənin rezident tvinninq məsləhətçisi Antonio Lo Parco və işçi qrupun İtaliyadan olan üzvləri iştirak ediblər.

Layihə rəhbəri Anar Süleymanov qarşıya qoyulan yeni strateji hədəfləri, Azərbaycan hökumətinin uzun illərdir həyata keçirdiyi islahatları, ölkəmizdə tranzit dəhlizlərin rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bağlı cağırışları nəzərə alaraq, seminarın əhəmiyyətini diqqətə çatdırıb.

Sözügedən layihəni Dövlət Gömrük Komitəsinin ötən ilin iyunundan icra etdiyini, aidiyyəti qurumların da məlumatlı olduğunu deyən Anar Süleymanov, gələcəkdə müvafiq normaların hazırlanmasında həmin orqanların əməkdaşlarının da birbaşa prosesə cəlb olunmasını məqsədəuyğun hesab edib.

Diqqətə çatdırılıb ki, layihənin bütün detalları ilə bağlı səmərəli iş aparılıb, ciddi irəliləyişlər əldə olunub.

Layihənin rezident tvinninq məsləhətçisi Antonio Lo Parco layihənin icra prosesindən məmnunluqla danışıb və Azərbaycanda tranzit marşrutunun inkişafına fayda verəcəyini bildirib. İqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanla İtaliyanın uğurla əməkdaşlıq etdiyi və bu əlaqələrin inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.

İtaliyanın Gömrük və İnhisar Agentliyinin əməkdaşları Marco Ciampi və Guiseppe Tomasi Morgano da çıxışlarında Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqdan məmnun olduqlarını, bu günədək layihə ilə bağlı səmərəli iş aparıldığını qeyd ediblər.

Daha sonra seminarda Ümumi Tranzit Proseduruna və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə giriş, Ümumi Tranzit Proseduru: gömrük və iqtisadi operatorlar üçün üstünlüklər, tranzit prosedurları: gömrük idarələrinin vəzifələri, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin əsas sütunları mövzularında müzakirələr aparılıb. Tranzit proseduru ilə bağlı Avropa Birliyində qanunvericilik çərçivəsində həyata keçirilən məsələlərə də toxunulub.

Seminarın sonunda İtaliyanın Gömrük və İnhisar Agentliyinin əməkdaşları iştirakçıların suallarını cavablandırıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu