ATU-nun nümayəndə heyəti Tehran şəhərində rəsmi səfərdə olub- FOTOLAR




Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti 02-04 mart tarixləri arasında İran İslam Respublikasının Tehran şəhərində ezamiyyətdə olublar.



Səfər çərçivəsində ATU-nun Elmi işlər üzrə prorektoru dosent Rauf Bəylərov, Xarici tələbələrlə iş üzrə dekanı dosent Orxan İsayev və Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri tibb elmləri namizədi Məhəmməd Davudov bir sıra görüşlər keçiriblər.

Nümayəndə heyəti səfərin ilk günü Royan İnstitunda olmuş və görüş zamanı İnstitutun prezidenti Abdolhossein Shahverdi, vitse-prezident Ahmad Vosough Taghi Dizaj, Davamlı Tibbi Təhsil və Treyninq proqramlarının direktoru Leila Daliri Royan İnstitut haqqında ətraflı məlumatlar veriblər.

Öz növbəsində ATU-nun Elmi işlər üzrə prorektoru R.Bəylərov ATU-nun rektoru professor Gəray Gəraybəylinin səmimi salamlarını görüş iştirakçılarına çatdırıb və ATU-da aparılan işlər haqda məlumat verib. Görüşün sonunda tərəflər arasında “anlaşma memorandumu” imzalanıb. Memorandum çərçivəsində ATU-nun həm professor-müəllim heyətinin, həm də tələbələrinin təlim və tədqiqat məqsədilə mübadiləsinə, müştərək tədqiqat lahiyələrinin hazırlanmasına və birgə beynəlxalq elmi konqreslərin təşkilinə qərar verilib. Daha sonra ATU-nun nümayəndə heyəti Royan İnstitutnun müxtəlif qurumlarını gəzmiş və görülən işlərlə yaxından tanış olublar. Görüş zamanı kök hüceyrə texnologiyaları və sonsuzluğun müalicəsi sahəsində aparılan işlər xüsusi maraq doğurub.

Səfər çərçivəsində ATU-nun nümayəndə heyəti Tehran Tibb Elmləri Universitetində də bir sıra görüşlər keçirilib. Universitetin Cərrahiyyə Şöbəsinin dosenti, İranın Səhiyyə nazirinin müavini cənab İraj Harirchi qonaqları salamlayaraq, iki ölkə arasında münasibətlərin vacibliyi haqda məlumat verib. Görüşdə həmçinin Tehran Tibb Elmləri Universitetinin prorektoru Ramin Kordi Universitetin stukturu və aparılan işlər barəsində qonaqlara məlumat vermişdir. ATU-nun Elmi işlər üzrə prorektoru dosent R. Bəylərov Tehran Tibb Elmləri Universitetinin rəhbərliyinə göstərdikləri qonaqpərvərliyə görə öz təşəkkürünü bildirmiş və Azərbaycan Tibb Universiteti ilə Tehran Tibb Elmləri Universiteti arasında imzalanmış “anlaşma memorandumu” çərçivəsində görülmüş işlər haqda ətraflı müzakirələr aparılıb. ATU-nun nümayəndə heyəti Tehran Tibb Elmləri Universitetinin rəhbərliyinin müşayəti ilə Stomatologiya fakultəsində, Əczaçılıq fakultəsində və həmçinin Universitetin tərkibinə daxil olan klinikalarda olmuş, görülmüş işlərlə yaxından tanış olmuş, fakultələrin dekanları və klinikaların rəhbərləri ilə fikir mübadiləsi aparıblar.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu