ATU-nun rektoru Almaniyaya səfər edib
Professor Gəray Gəraybəyli tanınmış klinikanın direktoruna ATU-nun “Qonaq professor”u diplomunu təqdim edib.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin başçılıq etdiyi nümayəndə heyəti iyunun 3-7-də Almaniyanın Heidelberg Universitetinin Mannheim Tibb fakültəsinin Cərrahiyyə Klinikasının direktoru, professor Christoph Reissfelderin dəvəti ilə bu ölkədə səfərdə olub.
Səfərin ilk günü professor Gəray Gəraybəyli Cərrahiyyə Klinikasının kollektivi qarşısında çıxış edərək, Azərbaycan Tibb Universitetinin tarixi, beynəlxalq akkreditasiyadan keçmiş tədris proqramları, aparılan islahatlar, yeni açılmış ixtisaslar və beynəlxalq əlaqələrimiz haqda geniş məlumat verib. Həmçinin 2020-ci ildə ATU ilə Heidelberg Universitetinin Mannheim Tibb fakültəsinin Cərrahiyyə Klinikası arasında imzalanmış əməkdaşlıq haqqında anlaşma memorandumu çərçivəsində görülmüş işlər və gələcək əməkdaşlıq perspektivləri haqda fikirlərini bölüşüb. Qeyd olunub ki, 2020-2023-cü illəri əhatə edən memorandumun icrası ilə bağlı kifayət qədər səmərəli fəaliyyət həyata keçirilib. Alman Akademik Mübadilə Xidməti tərəfindən dəstəklənən memorandumun əsas məqsədi cərrahiyyə profili üzrə baza ali tibb təhsilindən sonrakı tibb təhsili (rezidentura), elmi-tədqiqat və xəstələrin idarə edilməsi sahələrində əməkdaşlığın qurulması və təşviq edilməsindən ibarətdir.
Tədbirdə çıxış edən professor Christoph Reissfelder də öz növbəsində, Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıqdan məmnun olduğunu, bu səfərin qarşılıqlı əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi baxımından çox əhəmiyyətli olduğunu bildirib. Bu cür səfərlərin iki ölkənin elmi-tədris müəssisələri arasında əlaqələrin möhkəmlənməsinə səbəb olduğunu qeyd edib.
Sonra professor C.Reissfelderə Azərbaycan Tibb Universitetinin “Qonaq professor”u diplomu təqdim edilib. Bu o deməkdir ki, professor müəyyən dövrlərdə Bakıya dəvət olunacaq, ATU-nun tələbələrinə dərs deyəcək.
Qeyd edək ki, professor C.Reissfelder ATU Böyük Elmi Şurasının 29 noyabr 2022-ci il tarixli iclasının qərarı ilə “Qonaq professor” adına layiq görülüb.