Azərbaycanda pensiya islahatlarına dəstək məqsədilə icra olunan tvinninq layihəsinin yekunlarına dair konfrans keçirilib




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) dəstəyi ilə icra olunan “Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin yekunlarına dair konfrans keçirilib.



Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Fransanın Sosial İşlər və Səhiyyə Nazirliyi, Əmək, Məşğulluq, Peşə Təhsili və Sosial Dialoq Nazirliyi, Avropa və Beynəlxalq İşlər Nümayəndiliyi ilə birlikdə həyata keçirilib. Bu, Fransa ilə tərəfdaşlıqda icra olunan artıq üçüncü tvinninq layihəsidir.

Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Aİ-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri və Aİ-nin ölkəmizdəki səfiri Kestutis Yankauskas, Fransanın Azərbaycandakı səfirinin müşaviri Yohan Şitterer, avropalı ekspertlər və b. iştirak edib.

S.Babayev pensiya təminatının əhalinin sosial müdafiəsində önəmli rola malik olduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial islahatlar proqramının pensiya təminatı sisteminin inkişafında da əhəmiyyətli irəliləyişlərə imkan verdiyini vurğulayıb. Nazir dövlət başçısının tapşırığına əsasən, ölkədə pensiyaların artırılması və pensiya təminatının əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda, bu sahədə avtomatlaşdırılmış mexanizm üzərində proaktiv xidmətlərin qurulması istiqamətində mühüm addımların atıldığını qeyd edib.

Ölkəmizin Aİ, həmçinin Fransa ilə əlaqələrinin daim inkişaf etdiyini bildirən S.Babayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu günlərdə Fransaya səfərinin, Fransada keçirdiyi rəsmi görüşlərin də iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə olduğunu vurğulayıb.

Nazir bildirib ki, sosial sahədə aparılan geniş miqyaslı islahatlar, digər tərəfdən, pensiya təminatı sisteminin qabaqcıl Avropa təcrübəsinə uyğun təkmilləşdirilməsi hədəfinə xidmət edir. İki il əvvəl başlanan “Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsi bu istiqamətdə islahatlara dəstək məqsədi daşıyıb. Pensiya təminatı üzrə avtomatlaşdırılmış maliyyə nəzarəti sisteminin (elektron auditin) inkişaf etdirilməsi sahəsində bacarıqların və vasitələrin, səmərəliliyin artırılması, büdcə tərtibatı prosesinin institutsional və texniki aspektlərinin təkmilləşdirilməsi, büdcənin tərtibatında strateji planlaşdırma mexanizmlərinin gücləndirilməsi və s. ilə bağlı layihə çərçivəsində Avropanın qabaqcıl təcrübələri əsasında qiymətləndirmələr aparılıb, konseptual və təlimat sənədləri, təkliflər, tövsiyələr hazırlanıb. Avropalı ekspertlərlə birgə layihənin bütün komponentləri üzrə məqsədyönlü işlər aparılıb. Pensiya sahəsində islahatlar prosesində bu layihə üzrə görülmüş işlərin nəticələri, eyni zamanda, qabaqcıl təcrübələrin öyrənilməsi xüsusi önəm kəsb edir.

K.Yankauskas ötən dövrdə icra olunan birgə layihələrin Azərbaycanda əmək və sosial müdafiə sisteminin inkişafına dəstək məqsədinə yönəldiyini deyib. O, həmin layihələrin Aİ ölkələrində müvafiq sahələrdə mövcud olan təcrübələri, yeni yanaşmaları öyrənmək, gələcək islahatlar üçün həmin təcrübələrdən istifadə imkanı verdiyini qeyd edib. K.Yankauskas pensiya təminatı sahəsi üzrə tvinninq layihəsinin də pensiya sahəsində islahatlar prosesində öz rolunu oynayacağını vurğulayıb.

Y.Şitterer ölkəsi ilə Azərbaycan arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin daim genişləndiyini deyib. O, xüsusilə də son günlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Fransaya səfərini qeyd edərək, bu səfərin iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının daha da genişlənməsində xüsusi əhəmiyyətini diqqətə çatdırıb. Y.Şitterer sosial sahədə də əməkdaşlığının inkişafı üçün tvinninq layihələrinin önəmindən bəhs edib. O, son iki ildə icra olunan bu layihənin səmərəli nəticələrinin ölkəmizdə sosial müdafiə sisteminin təkmilləşməsində öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Azərbaycan tərəfindən layihə rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Çingiz Əliyev və Fransa tərəfindən layihə rəhbəri xanım Eliz Debiz çıxış edib, layihənin komponentləri üzrə görülən işlər barədə məlumat veriblər.

Layihənin ekspertləri Mindauqas Strumskis (Litva) “Sosial təminat sistemində e-audit və risklərin idarə edilməsi: həllər”, Alessandro Fiori (İtaliya) “Azərbaycan Respublikasının pensiya sistemi üçün proqnozlaşdırma modeli”, Jacques Charmes (Fransa) “Qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid prosesini gücləndirmək məqsədi ilə həyata keçirilməli olan tədbirlər”, Denis Nunez (Fransa) “Torpaq pay mülkiyyətçiləri / kənd təsərrüfatında çalışan şəxslər üçün sosial sığorta mexanizmlərinin hazırlanması istiqamətində tövsiyələr”, Asta Aranauskiene (Litva) və Alessandro Fiori (İtaliya) “Könüllü pensiya sığorta sisteminin inkişaf etdirilməsi və müvafiq maliyyələşdirmə mexanizmləri” mövzularında təqdimatlar ediblər. Ç.Əliyev və layihənin eksperti Andrey Tretyak sualları cavablandırıb, Tvinninq layihəsinin müşaviri Audrius Bitinas layihə çərçivəsində görülən işləri diqqətə çatdırıb.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu